Rektorun böyük məbləğdə pul tələbi qalmaqala səbəb oldu; Valideynlər Atakişiyevi məhkəməyə verir
Tarix: 21-04-2016 13:00 | Bölmə: Cəmiyyət


Azərbaycanda fəaliyyət göstərən əksər özəl universitetlərin əsas işi heç də tələbələrə yaxşı təhsil vermək deyil. Bu gün ölkədə hamı yaxşı bilir ki, belə ali məktəblərin "əsas missiyası” daha çox tələbə qəbul edib, onların valideynlərindən bir o qədər çox pul almaqdır.

Reyting.az xəbər verir ki, bu iddia ilə politika.az saytı çıxış edib.

Saytın yazdığına görə, tələbələrin valideynlərindən daha çox almaq istəyən ali məktəblərdən biri də "Təfəkkür” Universitetidir: "Bu ali məktəb uzun illərdən bəri yalnız və yalnız diplom almaq arzusunda olanları pul "tələsi”nə salaraq, daha çox qazanc əldə etməklə məşğuldur. Elə bu səbəbdəndir ki, "Təfəkkür” Universitetinin adı həm saxta diplom, həm də «tələbə perevodu» məsələsində hallanmaqdadır”.

Verilən məlumata görə, sözügedən universitetin rektoru Müşfiq Atakişiyev hər il saxta diplom və tələbə köçürmələri hesabına milyonlarla manat pul qazanır.

Bu səbəbdən də M.Atakişiyevin "strateji plan”larından biri və birincisinin tələbə köçürmələri olduğu bildirilir.

"Bir müddət Kiyev şəhərində "Təfəkkür”ün filialını açan, daha sonra Dərbənddə analoji addımı atan Atakişiyevin günlərin bir günü Nyu-York şəhərində filial yaradacağı xəbəri yayılarsa, buna qətiyyən təəccüblənmək lazım deyil. Çünki adamın işi budur”, -yazan saytın iddiasına görə, Kiyev filialı məsələsində «əli yanan» rektor bu gün də Riyad Əliyevlə düşməndir. Hətta onun həbsi üçün İnterpola da müraciət etmişdi. Həmin filialın rəhbəri olan Riyad Əliyevin mətbuata verdiyi açıqlamalardan belə başa düşülür ki, Müşfiq Atakişiyev onu aldadaraq, bir neçə milyon dollar zərərə salıb.

Məlumata görə, son günlər Atakişiyevə başqa bir problem də yaranıb. Bildirilir ki, "Təfəkkür” Universitetinin rektoru ilə orada təhsil alan tələbələrin valideynləri arasında qalmaqal yaşanıb. Buna səbəb isə Dərbənd filialında təhsil alan və bu yay Bakıya köçürülməsi razılaşdırılmış tələbələrin «perevod» işinə görə istənilən məbləğdəki ciddi artımdır. Çünki Atakişiyev 12 min manata razılaşdığı "perevod” üçün indi 18 min manat tələb edir . Səbəb kimi isə ölkədə baş verən devalvasiya göstərilir. Əgər tələbə bir il "Təfəkkür” Universitində, daha sonra isə başqa bir ali təhsil ocağında oxumaq istəyərsə, o zaman bu rəqəm 5 dəfəyə qədər arta bilər. Məsələn, BDU-nun hüquq fakultəsinə «perevod» 100 min manata yaxındır. Və ya İqtisad Universitetinə keçmək istəyən tələbənin valideyni bunun üçün ən azı 50 min manatından keçməlidir.
Valideynlər isə rektorla əvvəlcədən hansı qiymətə razılaşıblarsa, həmin məbləğin üzərində dayanırlar. Onlar tələb edirlər ki, iş vaxtından əvvəl alınmış pullarının müqabilində görülsün və əlavə pul vermək niyyətində deyillər. Çünki əvvəlcədən anlaşmaları olub və bu məbləğə razılaşıblar.

Lakin rektor Müşfiq Atakişiyev devalivasiyanı bəhanə gətirərək, qiymətləri qaldırmaqla daha çox pul qazanmaq fikrindədir və o səbəbdən də israrla tələbini həyata keçirməyə çalışır.

Məlumatda bildirilir ki, M.Atakişiyevlə anlaşmaları pozulan valideynlər "Təfəkkür” Universitetinin qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırırlar. Eyni zamanda M.Atakişiyevi məhkəməyə verib, pullarını geri almaq haqqında da düşünürlər.


 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər