Tarix: 16-05-2016 12:43 | Bölmə: Cəmiyyət
Yaz-yay mövsümündə sərinləşdirici sulara tələbat artdığından, eyni zamanda içməli suyun tarifləri bahalaşdığından bu sahədəki vəziyyəti öyrənmək üçün mütəxəssis rəyinə ehtiyac gördük.
Su İstehlakçıları Birliyinin sədri Dövlət Məmmədovrespublikadakı 5 su zavodunu çıxmaq şərti ilə bu sahədə vəziyyətin ürəkaçan olmadığını bildirib.
"Krant” suları da bahalaşacaqmı?
D.Məmmədov eyni zamanda "Azərsu "ASC-nin suyun tariflərini bahalaşdırmasına da münasibət bildirib. Qurum rəsmisi dükanlarda satılan suların qiymətlərinin bahalaşdırılmasına heç bir əsas görməyib:
"Dükanlardakı sular onsuz da lazımından daha baha qiymətə satılır”.
O, eyni zamanda sahibkarlıq subyektlərindəki yoxlamaların 2 il müddətinə dayandırılmasının bütün kateqoriyalara şamil edilməsinin doğru olmadığını dilə gətirib:
"Bizə quyu suyu içirirlər”
"Ümumiyyətlə, sahibkarlarla bağlı yoxlamaların 2 il müddətinə dayandırılmasının bütün sahələrə aid edilməsini doğru hesab etmirəm. Fikrimcə qərarın, "sanepidemiya” həkimlərinə aid edilməsi düzgün deyil. Onlar bizim sağlamlığımıza cavabdeh şəxslərdir. Qadağa qoyulduğundan onların da hansısa müəssisədə yoxlama aparmasına, məhsulların hansı şəraitdə qablaşdırılmasına nəzarət etməsinə icazə verilmir.
Bu gün suyun keyfiyyətsiz olmasının bir nömrəli səbəbkarları mağaza müdirləridir. Günəş şüaları qarşısında qoyulan sular öz keyfiyyətini itirir. Məsələn, ən müasir zavodda qablaşdırılaraq satışa çıxarılan suyun saxlanma qaydalarına riayət edilmədiyi zaman, o öz keyfiyyətini itirir.
Digər tərəfdən, Bakıdakı quyu sularından geniş istifadə edilir. Hansı ki, həmin suları filterdən keçirib qablaşdıraraq 10 qat bahasına əhaliyə satırlar.
Nəzərə almaq lazımdı ki, quyu sularının istifadəsi 2 ay müddətinə reallaşmalıdır. Əks təqdirdə həmin su istifadəyə yararlılığını itirir. Əfsuslar olsun ki, bizdə buna nəzarət yoxdur. Bu gün "Slavyanka”, "Damla”, "Sirab”, "Badamlı”, "Aqua-vita” suları ən son avadanlıqlarla təchiz edilmiş zavodlarda istehsal olunur. Su qablaşdırılmazdan əvvəl laboratoriyalarda analiz edilir, tam təhlükəsiz olduğu zaman qablaşdırılaraq satışa çıxarılır.
Mən keçən ay şəxsən Slavyankada olmuşam. Bu zavod suyunun ilkin mənbəyi bulaqdır. Həmin zavoda 5 milyon manat sərmayə qoyulub. Bir müəssisə tikilməzdən əvvəl həmin suyun həcmi zavodun fəaliyyət göstərməsi üçün nəzərə alınır. Su mənbəyi olmasa, heç vaxt zavod tikilməz. Bu zavodun təkcə bir anbarında 240 kub su var. Yəni, bir anbarda su qurtaranda ikinci anbarın suyundan istifadə olunur”.
"Bonaqua”, "Kəhriz”, "Elsu”, "Şirinsu”yu birləşdirən "krant”...
D.Məmmədov hazırda ölkəmizdə az qala brendə çevrilən bəzi suların əslində tam keyfiyyətsiz olduğu iddiasındadır:
"Bu gün Bakıda "Bonaqua”, "Kəhriz”, "Elsu”, "Şirinsu” və bir çox başqa adda suların hamısı "krant”dan doldurulur. Bunlar hökumətin böyük əziyyət və vəsait hesabına şəhərə çəkdirdiyi suyu qablaşdıraraq əhaliyə 5-10 qat bahasına satırlar.
Yaxşı olardı ki, onlar zavodlarını su mənbələrində tikib, elə yerli əhalini də işlə təmin edəydilər”.
Birlik rəsmisi su satışı üçün lisenziyaların verilməsində hərc-mərcliyin baş alıb getdiyini qeyd edib:
"Azərbaycanda suya lisenziyanı verən institut onun keyfiyyətini necə, nə cür gəldi yoxlayır. Vəziyyət qənaətbəxş deyil. Məsələn, saxtakarlar başqa şirkətin istehsalı olan bir şüşə suyu gətirib xahiş edir ki, "bunu yoxlayın”. Suyun mənbəyində yoxlanması baş vermir. Qurum suyu yoxlayır və müsbət qərar verir. Daha sonra Respublika Gigiyena və Epidemologiya Mərkəzinə suyun keyfiyyətli olması ilə bağlı rəy göndərir. Mərkəz də öz növbəsində suya gigiyenik sertifikat verir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bu iki sənədə əsasən 1 il müddətinə uyğunluq sertifikatı hazırlayır. İşbazlar isə bir butulka şüşəyə verilən rəy əsasında "fəaliyyətə” başlayırlar.
Təsəvvür edin ki, fəaliyyətə başlayanda 1 ay yaxşı məhsul istehsal edib müştəri yığandan sonra, nə gəldi istehsal edə bilirlər. Çünki, 1 illik sertifikat var. Hesab edirəm ki, problemin həlli üçün bu sertifikatlar hissə-hissə verilməlidir”.
Qazlı su bədəndəki kalsiumu "yeyir”
Ekspert həm də daha çox tələbat olan qazlı suyun zərərlərindən də danışıb:
"Nəzərinizə çatdırım ki, Avropa ölkələrində yaşayan əhalinin istifadə etdiyi suyun 94 faiz qazsızdır. Qazlı su Sovet hökumətinin vaxtında meydana gələn bir şey idi. Qazlı su ilkin olaraq insan orqanizminə zərərlidir. Xüsusilə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə məsləhət görülmür. Çünki, mədədə olan yara qazlı su vasitəsilə açıla və daha pis hala gələ bilər.
Qazlı su kalsiumun, dişlərin düşmənidir. Son zamanlar uşaqların dişləri tez tökülür və yeni diş çox gec çıxır. Çıxdığı zaman isə bəzən çox eybəcər şəkildə olur. Bunun səbəbi kalsium çatışmazlığıdır. Hesab edirəm ki, valideynlər tərəfindən azyaşlıların qazlı su, "Pepsi”, "Coca-cola”, "Fanta” kimi içkilərdən istifadəsi qadağan olunmalıdır. Qazlı su uşaqların bədənindəki kalsiumu yuyub aparır, sümüklərində zəiflik yaradır”.
"Su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür”
D.Məmmədov Azərbaycanda satılan idxal sularının həddindən artıq keyfiyyətsiz olduğu qənaətindədir:
"Respublikaya xaricdən sonsuz sayda keyfiyyətsiz məhsullar daxil olur. Onu da deyim ki, əksəriyyəti elə Azərbaycanda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır. Xüsusilə Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Ən əsası Rusiya istehsalı olduğu iddia edilən "Aquşa” suları və şirələri satılır. Üzərində uşaq üçün nəzərdə tutulduğu qeyd edilir. Axı su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür?... Sadəcə onlar valideynin öz övladı üçün hər şeyi edəcəyi prizmasından yanaşaraq, fırıldağa əl atırlar.
Yoxlamalar zamanı "Aqusha”nın keyfiyyətsiz olması müəyyənləşib. Xaricdən gələn suların hamısı gizli sexlərdə qablaşdırılır.Təəssüflər olsun ki, aiddiyyatı orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə maraqlı deyil. Məsələn, bu yaxınlarda Gürcüstanda "Natakhtari”, "Navaqzali”, "Barjomi” istehsalının saxatakarlıqla istehsal olunduğu gizli sex aşkar olunub. Kim bizə təminat verir ki, həmin sular Azərbaycana daxil olmayıb?.. Gürcüstanda bu cür saxtakarlara , həm məhsulu istehsal edən və həm də satanlara 5 il iş kəsilir. Bizdə isə hər şey göz qabağındadır..”.
Modern.az
Bölməyə aid digər xəbərlər