Tarix: 03-06-2016 17:17 | Bölmə: Cəmiyyət
Abşeron Rayon İcra Hakimiyyətinin daha bir özbaşınalığı narazılığa səbəb olub.
Vətəndaş Günel Şahmar qızı Cavadova sözügedən icra hakimiyyətinin əməkdaşları tərəfindən həyat yoldaşı Nurlan Sərxan oğlu Cavadova məxsus torpaqda tikdikləri evin qeyri-qanuni söküldüyünü bildirir.
Hökməli qəsəbəsində həyat yoldaşına məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdiklərini, 2015-ci ilin aprel ayında evin eskiz layihəsini ərizə və digər tələb olunan sənədlərlə birlikdə Abşeron Rayon İcra Hakimiyyətinə təqdim etmidiklərini bildirən G.Cavadova deyib ki, müvafiq qanuna uyğun olaraq, bir ay gözlədikdən sonra evin tikintisinə başlayıblar: "İndi isə heç bir xəbərdarlıq etmədən, özlərini Abşeron Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxslər ağır texnikayla gələrək evi dağıtdılar. Həmin dəstəyə Fuad Əhmədov adlı şəxs başçılıq edib. Heç ustaya belə imkan verməyiblər ki, bizə zəng etsin. Usta həyat yoldaşıma zəng edib ki, danışın. Onlar deyiblər ki, bizim ev yiyəsi ilə danışmaq səlahiyyətimiz yoxdur”.
Qeyd edilir ki, Tikinti və Şəhərsalma Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Şikayətçi bildirib ki, maddi imkanları olduqca aşağıdır: "2010-cu ildə ailə qurmuşuq. İllərlə kirayədə yaşamışıq. Övladımız da olmur. Bu evi tikib ora köçəndən sonra ovlad sahibi olmaq üçün çox bahalı bir əməliyyata girməyi planlaşdırırdıq. Amma bütün planlarımızın üstündən xətt çəkdilər. Kirayə pulunu verməyə imkanımız olmadığından hazırda mən qohumlarımın evində, yoldaşım isə işlədiyi restoranda stolların üstündə yatır. Bu evi tikmək üçün nə qədər borca girmişik. Bunlar da bizə bu qədər ziyan vurdular”.
Şikayətçi əlaqədar qurumların rəhbərliyinə və ölkə başçısından xahiş edib ki, ədalətin bərpa olunması üçün onlara köməklik göstərəsinlər: "Min-bir əzab-əziyyətlə tikdiyimiz evi əsassız olaraq uçurdular və bizə çox böyük ziyan vurdular. Çox xahiş edirəm, bu quldur dəstəsinin cəzalandırılması üçün tədbir görəsiniz”. (Reyting.az)
Bölməyə aid digər xəbərlər