Tarix: 28-06-2016 18:35 | Bölmə: Cəmiyyət
Tətbiqi Tədqiqatlar Fondunun (TTF) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirdiyi "Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı mübarizəyə dəstək: maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizənin aktual problemləri" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun prezidenti, tarixçi alim İbrahim Əliyev bildirib ki, Azərbaycan Şərqdə gedən proseslərdən kənarda deyil:
"Bir də görürsən ki, bu proseslərin təsiri gəlib Azərbaycanda da özünün göstərir. İlk vəzifəmiz bu məsələdə maarifləndirmə işini gücləndirməkdir".
Tədbirdə "Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev, hüquqşünas Səməd Vəkilov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, Strategiya.az saytının redaktor müavini İsmayıl Qasımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, tarixçi alim Dilavər Əzimli və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirdə qeyd edilib ki, Azərbaycanda dini radikal qrupların sosial bazası yoxdur. Dini radikal qruplar öz məqsədləri üçün sosial şəbəkələrdən istifadə edirlər. Əlavə olunub ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman göstərilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər