TQDK-nin dərsliklərlə bağlı monitorinqi zamanı qüsurlar aşkarlandı
Tarix: 12-07-2016 17:36 | Bölmə: Cəmiyyət


2012-ci ildən hazırakı dövrə qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə: 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb.

Reyting.az-ın məlumatına görə, Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb.

TQDK bildirir ki, müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII sinif dərslik komplektləri ilə bağlı daha çox irad və təkliflər olub. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib.

TQDK bildirir ki, dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil: "Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim edilməsi üçün 2013-cü ildə "Dərslik portalı” (http://derslik.edu.az/) yaradılmışdır. Bütün yekun rəylər portalda (http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilmişdir. Portaldan indiyədək 1275678 dəfə istifadə edilmiş, 2332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildirmişlər. Müəllimlər dərsliklərin yeni nəşrinə qədər tədris prosesində portaldakı materiallardan istifadə edə bilirlər. Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm də iradların aradan qaldırılması yolları və düzgün variantları göstərilmişdir. Həmçinin müəllimlər tədris prosesində dərsliklərdə rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya bilirlər. Həmin suallar mütəmadi olaraq dərslik müəllifləri və ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi aparılır”.

Məlumatda qeyd edilir ki, dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də mütəmadi olaraq cavab verir və onların cavabları portalda yerləşdirilir: "Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib. Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim, metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında rəylərə və verilən cavablara iki dövlət qurumu arasındakı münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır. Bütün bu işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır”.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər