Tarix: 26-07-2016 18:57 | Bölmə: Cəmiyyət
Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Gəncə İmamzadəsinin mütəvəllisi Hacı Tahir Abbaszadə Türkiyənin Afyon şəhərində Türkiyə hakimiyyətini, xalqını və prezidenti R.T.Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib.
Xural.com-un əldə etdiyi məlumata görə, məşum 15 iyul hadisələrinin doğurduğu ağır fəsadlardan bəhs edən Hacı Tahir Azərbaycan və Qafqaz xalqları adından Türkiyəni və onun xalqını dəstəkləyib.
Hacı Tahir eyni zamanda Azərbaycanın ağır günlərindən – 20 Yanvar hadisəsindən, 26 fevral – Xocalı faciəsindən danışıb və seyrçilər tərəfindən alqışlarla qarşılanıb.
Virtualaz.org isə xəbər verir ki,Türkiyənin baş naziri Azərbaycana təşəkkür edib. Baş nazir bu haqda NTV telekanalına müsahibəsində danışıb.
Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyul baş tutmayan hərbi çevriliş cəhdindən sonra Azərbaycanın Fətullah Gülənin "Hizmət” hərəkatına qarşı atdığı addımlara görə minnətdarlıq ifadə edib.
"Azərbaycana çox minnətdarıq. Hörmətli Əliyev bütün fəaliyyətlərini (Fətullah Gülənə bağlı fəaliyyətləri nəzərdə tutur.-red) dərhal dayandırdı. Digər dostlarımızdan da bunu gözləyirik. Bunların həmin ölkələrə də xeyri yoxdur, olduqları ölkələrdə insanlıq üçün böyük təhdid təşkil edirlər. Bəri başdan bütün dostlarımızı bunlara şərait yaratmaqdan əl çəkməyi və Türkiyə ilə dostluğu seçməyi tövsiyə edirik”– Binəli Yıldırım deyib.
Azərbaycan hakimiyyəti 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülənin müsahibəsinin anonsunu verən ANS telekanalını bağlayıb, ardınca Qafqaz Universitetini SOCAR-ın tabeliyinə verib və Ali Neft Məktəbi ilə birləşdirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər