Tarix: 02-02-2017 12:59 | Bölmə: Cəmiyyət
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) qəbul olunan və birinci tədris ilindən xaric edilən tələbələr yalnız öz ixtisası üzrə əvvəl təhsil aldığı orta ixtisas təhsili müəssisinə ödənişli əsaslarla bərpa oluna biləcək.
Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov Lent.az-a açıqlamasında deyib ki, bu, təhsil naziri Mikayıl Cabbarov tərəfindən "Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” təsdiqlənmiş müvəqqəti Qaydalarda öz əksini tapıb.
S.Gözəlov bildirib ki, "Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi” 1996-cı ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalarla müəyyənləşdirilirdi. Artıq orta ixtisas təhsili müəssisələrində tədrisin kredit sistemi ilə təşkilindən dolayı 2013-cü ildə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq olunub. Yəni orta ixtisas təhsili müəssisələrində tədris artıq təhsil kredit sistemi ilə təşkil olunur. Kredit sistemi ilə tədrisin təşkili və 1996-cı ildə təsdiq olunmuş qaydalar arasında müəyyən qədər uyğunsuzluq var idi. Belə ki, 1996-cı ildə təsdiq edilmiş köhnə qaydalarda IX illikdən ( ümumtəhsil bazası) kolleclərə qəbul olunan tələbə birinci tədris ilində kollecdən xaric olunurdusa, onun bərpa olunma hüququ yox idi. Bu qaydalar da yumşaldılıb”.
Əvvəla orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi və ya ixtisasının dəyişdirilməsi ölkə daxilindəki təhsil müəssisələri üçün mümkün olduğu hallara da toxunan S.Gözəlov bildirib ki, yeni qaydalara əsasən tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən (keçmiş TQDK) keçirilmiş imtahanlarda topladığı bal köçürülmək istədiyi kollecdəki ixtisas üzrə qəbul ilində minimal keçid balından çox olmalıdır: " Yəni ali təhsil müəssisələrində qoyulan şərt burda da nəzərdə tutulub.
Bundan başqa, bu prosesdə tələbənin təhsil aldığı ildə akademik göstəriciləri də nəzərə alınacaq. Üçüncü vacib tələb isə odur ki, tələbə orta ixtisas təhsili müəssisəsində heç olmasa bir semestr təhsil almalıdır. Bir semestr təhsil aldıqdan sonra digər istədiyi kollecə köçürülə ya ixtisasını dəyişdirə bilər”.
S.Gözəlov qeyd edib ki, yeni qaydalarla daimi yaşadığı ərazidə yerləşən kollecə köçürülmək istəyən tələbələr üçün də güzəşt müəyyən edilib:
"Belə ki, Təhsil Nazirliyinə tez-tez daimi yaşayış qeydiyyatında olduğu ərazidə yerləşən kolleclərə köçürülmə ilə bağlı müraciətlər olurdu. Yeni qaydalarla bu qəbildən olan tələbələrin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda topladığı balın 1,5 misli köçürülmək istədiyi ixtisas üzrəminimal keçid balından çox olmalıdır. Bu, imkan verir ki, həmin tələbə yaşadığı ərazidəki kollecə köçmək imkanı əldə etsin. Bu, tələbələr üçün sosial baxımdan üstünlük verən amillərdən biridir”.
S.Gözəlov əlavə edib ki, xaricdən Azərbaycanda yerləşən kolleclərə köçürülən tələbələrlə bağlı iki variant nəzərdə tutulub: "Xaricdə təhsil aldığı kollecdən ölkəmizdə yerləşən kollecə köçürülmək istəyən tələbə Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət imtahanında iştirak edibsə, DİM imtahanının nəticələri nəzərə alınaraq köçürüləcək. DİM tərəfindən keçirilən imtahanda iştirak etməyibsə, bu halda onun təhsil aldığı kollecin həmin ölkədə akkreditasiya olunmuş olması, tanınması nəzərə alınır. İkinci variant isə ondan ibarətdir ki, tələbənin Azərbaycandakı kollecə köçməsi ilə bağlı tutarlı bir səbəbi olmalıdır. Bu onun ailə qurması, ailə vəziyyəti kimi səbəblərlə bağlı ola bilər”.
Orta ixtisas təhsili müəssisələrinə dair yeni qaydalarla bağlı digər vacib amili vurğulayan S.Gözəlov deyib ki, keçən ildən etibarən təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilirdisə, bu ildən artıq kolleclərdə təhsil alan tələbələrin də köçürülmə və ixtisas dəyişdirməsi Transfer.edu.az internet portalı vasitəsilə həyata keçiriləcək: "Bu ildən artıq kolleclərdə təhsil alan tələbələr də Transfer.edu.az saytına müraciət edərək öz istədikləri kolleclərə köçürülə bilərlər”.
Bölməyə aid digər xəbərlər