Üç ali məktəbdə maliyyə fırıldağı aşkarlanıb – Müvafiq tədbirlər görülür
Tarix: 15-04-2016 14:09 | Bölmə: Cəmiyyət


Azərbaycan Tibb Universitetində, Texniki Universitetdə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanuna zidd əməllər, maliyyə pozuntusu və dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb.

Reyting.az –ın xəbərinə görə, bu barədə aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda deyilir ki, obyektlərdə əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi halları da müəyyən edilib.

Belə ki, artıq və düzgün olmayaraq icra edilmiş cəmi məbləğin 95,9 faizi "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saathesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.

Qeyd olunan müəssisələr üzrə əməkhaqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradır. Ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib.

Təhlil göstərib ki, ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsində güzəşt hüququnun düzgün tətbiq olunmaması, ümumiyyətlə, təhsil haqqının alınması nəticəsində büdcədənkənar vəsaitin daxil olması təmin edilməyib. Audit tədbirləri bu istiqamətdə digər nöqsanları da aşkarlayıb.

Belə ki, müxtəlif səbəblərdən ali təhsil müəssisəsindən xaric edilən tələbələrin təhsil haqqı üzrə kreditor borcunun yarandığı, təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqının tələbələr üzrə debitor borc kimi uçota alınmadığı məlum olub.

Eyni zamanda, tələbələrə təqaüdlərin ödənilməsi istiqamətində də nöqsanlar qeydə alınıb. Bəzi hallarda tələbələrə az təqaüd ödənilməsi hallarına yol verilib, təqaüd ödənilməsi üçün Təhsil Nazirliyindən alınan və istifadə olunmayan vəsaitin dövlət büdcəsinə qaytarılmayaraq qalıq kimi saxlanıldığı müəyyən olunub. Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə qeyd olunan ali məktəblərə göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.

Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb.

Hesablama Palatasının məlumatına görə, universitetdə 2 mühasibə töhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, həmçinin 2 əməkdaşa şiddətli töhmət verilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.

Azərbaycan Texniki Universiteti tərəfindən 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.

 

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər