Tarix: 21-04-2016 11:39 | Bölmə: Cəmiyyət
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında institutlarda dəyişikliklər müzakirə edilib.
Məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri AMEA-nın İctimai Elmlər Bölməsinin strukturunda bəzi dəyişikliklər edilməsi haqqında olub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılmasından danışıb:
"Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəlmiş dövlət siyasətinin mühüm istiqamətlərindən birini demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması təşkil edir. Məhz bunun nəticəsidir ki, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması, demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi Azərbaycanın mühüm milli maraqlarını təşkil edir".
Akademik Akif Əlizadə hazırda AMEA-da hüquq sahəsində elmi araşdırmaların, əsasən İctimai Elmlər Bölməsinə daxil olan Fəlsəfə və Hüquq, İnsan Hüquqları üzrə Elmi Tədqiqat institutlarında mərkəzləşdiyini deyib:
"Müşahidələr göstərir ki, Fəlsəfə və Hüquq İnstitutu ilə İnsan hüquqları üzrə Elmi Tədqiqat İnstitutunda aparılan hüquqi tədqiqatlar vahid bir elmi istiqamətin problemlərini əhatə edir və bu, bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur".
AMEA-da hüquq sahəsində elmi-tədqiqatların müasir tələblər səviyyəsində təşkili və hüquqi araşdırmaların dövlət idarəçiliyində daha səmərəli iştirakının təmin edilməsi məqsədilə Rəyasət Heyəti qərar qəbul edib.
Qərara əsasən, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələrinin və müvafiq ştat vahidlərinin İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun tərkibinə verilməsi, Fəlsəfə və Hüquq İnstitutunun Fəlsəfə İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq İnstitutu adlandırılması məqsədəuyğun hesab olunub. Həmçinin AMEA-nın Nizamnaməsinə müvafiq olaraq, sənədin icrası ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması qərara alınıb.
İclasda Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru təyin edilməsi də müzakirə olunub.Bununla da texnika üzrə fəlsəfə doktoru Kamal Kərimov AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Milli Elmlər Akademiyasınıniclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi barədə olub.
Mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısının bu çağırışının bir sıra islahatyönlü tədbirlər həyata keçirməyi zərurətə çevirdiyini nəzərə çatdırıb.
Bildirilib ki, biologiya və aqrar elmlər sahəsində aparılan tədqiqatların bir-birindən fərqli, iki ayrı bölmə tərkibində aparılması bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar Akademiyada aparılan elmi araşdırmaların, əsasən adlarıçəkilən bölmələrin müxtəlif elmi tədqiqat müəssisələrində həyata keçirilməsi iki bölmənin birgə fəaliyyət göstərməsi zərurətini yaradır.
İclasda problemlərin aradan qaldırılması, eləcə də aqrar və biologiya elmləri sahəsində intellektual potensialın səfərbər olunması, tədqiqatlarda multidisiplinarlığın təmin edilməsi və elmi idarəetmədə çevikliyin artırılması məqsədilə AMEA-nın Aqrar Elmlər Bölməsi və onun tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə qatılması məqsədəuyğun hesab edilib, AMEA-nın Nizamnaməsinə müvafiq olaraq, məsələ ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması qərara alınıb.
Bölməyə aid digər xəbərlər