Ukraynanın müttəfiqləri Rusiya vətəndaşlarına qucaq açır
Tarix: 28-07-2025 12:24 | Bölmə: Dünya
Ukraynanın müttəfiqləri Rusiya vətəndaşlarına qucaq açır

Ukraynada davam edən müharibəyə baxmayaraq, rusiyalı turistlər daha çox Avropanı seçir.

Reyting.az
“Telegraph” nəşrinə istinadla bildirir ki, onlar xüsusilə Fransa, İtaliya və İspaniyada istirahət etməyi xoşlayırlar.

Xatırladaq ki, bu üç ölkə NATO və Avropa İttifaqının (Aİ) üzvüdür və Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

Bildirilir ki, ötən il rusiyalı turistlərin Fransa və İtaliyadakı otellərdə dayanma sayı 19 faiz artıb.

Maraqlıdır ki, Böyük Britaniya ilə birlikdə “İstəyənlər Koalisiyasına” başçılıq edən Fransa da, İtaliya kimi sərhədlərini zəngin rus turistləri üçün açıq saxlamağın tərəfdarıdır.

Nəşrin yazdığına görə, Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsov hesab edir ki, bu durum təhlükəlidir:

“Rusiyanın Ukraynaya qarşı apardığı aqressiv müharibənin dördüncü ilində Rusiya vətəndaşlarına verilən vizaların sayının artdığını, habelə Rusiyadan Aİ ölkələrinə turist axınının artdığını göstərən statistik rəqəmləri görmək olduqca qəribədir”.

V. Çentsov xatırladıb ki, rus xalqının əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyir. Üstəlik, Ukraynanın Aİ-dəki səfiri qeyd edib ki, bir çox ruslar Rusiya ordusu Ukraynada hərbi cinayətlər törətdiyi halda, Rusiyanın Qərblə vuruşduğuna inanır.

Həmçinin, nəşrin məlumatına görə, Putin əleyhinə fəal olan amerikan əsilli ingilis maliyyəçisi Uilyam Brauder Fransa, İtaliya və İspaniyanı ruslara viza verilməsini dayandırmağa çağırıb.

“Əgər ruslar viza müsahibələri zamanı Putin rejiminə qarşı olduqlarını nümayiş etdirə bilmirlərsə, onların Avropaya gəlməsinə icazə verilməməlidir”, - maliyyəçi hesab edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Böyük Britaniya və Aİ öz hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayıb və bu, turist axınının azalmasına səbəb olub. Bununla belə, hələ də Türkiyə, Gürcüstan, Serbiya və digər ölkələr vasitəsilə Avropaya onlarla marşrut var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər