Ermənistanda referendum ləğv edilir
Tarix: 03-06-2020 12:21 | Bölmə: Dünya
Ermənistanda referendum ləğv edilir

Ermənistan parlamenti iyunun 3-də “Referendum haqqında” qanuna dəyişikliklər layihəsini ikinci, yekun oxunuşunda qəbul edib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Qanun layihəsinin lehinə 82, əleyehinə isə 17 deputat səs verib. Bu, Konstitusiyaya dəyişikliklə bağlı referendumun ləğv edilməsinə hüquqi şərait yaradacaq.

Qeyd edək ki, aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsinin əvvəlki hakimiyyətdən qalan hakimlərinin səlahiyyətlərinin dayandırılması ilə bağlı mövcud Əsas Qanuna dəyişiklik edilməsi üçün referendumun keçirilməsi planlaşdırılmışdı. Ümumxalq səsverməsinə çıxarılacaq layihə hakimlərə 70 yaşadək, hər birində 6 il müddətinə 2 dəfə Konstitusiya Məhkəməsinə üzv seçilmək hüququ verirəcək. Ancaq koronavirusla bağlı yaranmış vəziyyət referendumun qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub. 

Mütəxəssislər hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb, məsələni parlamentdə həll etməyə üstünlük verib. Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək, referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.

Qeyd edək ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 88-i hakimiyyəti, 44-ü müxalifəti təmsil edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər