II Şuşa Qlobal Media Forumu başa çatıb
Tarix: 22-07-2024 14:25 | Bölmə: Gündəm
II Şuşa Qlobal Media Forumu başa çatıb

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.

Reyting.az
-ın məlumatına görə, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya keçirilib.

Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.

Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumunun açılış mərasimində iştirak edib və xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.




Bölməyə aid digər xəbərlər