Prezident "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliyi təsdiqləyib
Tarix: 11-03-2022 15:26 | Bölmə: Gündəm
Prezident "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliyi təsdiqləyib

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb.

Reyting.az-
ın xəbərinə görə, bununla bağlı prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Bundan əlavə, dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Digər bir dəyişikliyə görə, dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qanuna dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər