Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur - XİN
Tarix: 01-12-2022 09:35 | Bölmə: Gündəm
Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur

30 noyabr 2022-ci ildə Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır:

“Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”.

XİN xüsusilə qeyd edir ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir.

“Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür.

Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik”,- deyə Azərbaycan XİN-nin açıqlamasında qeyd olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər