13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Şəhriyar Məmmədyarov: “Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”
Tarix: 20-10-2020 16:59 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov: “Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”

“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”.

Bu sözlər Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdur.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: “Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər