Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq
Tarix: 07-09-2022 16:00 | Bölmə: Mədəniyyət
Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Hər il təşkil olunan ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da böyük uğurla iştirak edir. Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində olacaq. Dahi Üzeyir Hacıbəylinin əsərləri bu dəfə “Şuşadan dünyaya yayılan musiqi” layihəsində gerçəkləşəcək.

Xatırladaq ki, Azərbayan prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Musiqili Teatr ötən mövsümdə də silsilə layihələr həyata keçirib.

Teatrdan Reyting.az-a bildiriblər ki, Şuşada açıq səma altında dahi bəstəkarın “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçaları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, Fərid Əliyev, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları təqdim edəcəklər.

Qeyd edək ki, Musiqili Teatr beynəlxalq festival çərçivəsində sentyabrın 22-də Gəncədə "O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.

Teatrın stasionarda çıxışları isə 24 sentyabrdan başlayacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər