Mənsum İbrahimov: “Ermənilərin muğam oxumaları ilə bağlı tarixdə bir dənə də fakt yoxdur”
Tarix: 20-04-2016 15:28 | Bölmə: Mədəniyyət


Əslən Bakıdan olan Larisa Dolina bu günlərdə "Rossiya-1" telekanalında deyib ki, muğamın ən gözəl ifaçıları ermənilərdir. Onun haqsız çıxışı nəinki sənət adamları arasında, hətta Azərbaycan cəmiyyətində də böyük narazılığa səbəb olub.

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov da Larisa Dolinanın yanlış mövqeyi ilə razılaşmır.

M.İbrahimov "Reytinq"ə deyib ki, L.Dolinanın iddiası absurddur. Ona görəki, ermənilərin muğam oxumaları ilə bağlı tarixdə bir dənə də fakt yoxdur: "Onun dedikləri cəfəngiyyatdır. Əgər varsa, bircə ifaçının adını çəksin".

Rusiyanın bir çox telekanallarının bu və ya digər formada ermənilərin nəzarətində olduğunu və bundan ölkəmizə qarşı sui-istifadə edildiyini xatırladan xalq artisti qeyd edib ki, tarixdəerməni millətindən olan bir neçə kaman ifaçısı olub. Onlar isə Bakıda doğulub, Bakıda yaşayıb, bizdən öyrənib və burada da fəaliyyət göstəriblər.

Ermənilərin qətiyyən muğama aidiyyatının olmadığını bildirən M.İbrahimov "Ortada bir fakt olsa, bilərsən ki, filankəs muğam ifaçısıdir. Təkcə ermənilər bizim muğamatı çox sevirlər ki? Muğamı bütün dünya sevir. Onların evlərində, maşınlarında Azərbaycanın muğam ifaçılarının kasetləri var. Amma, təbii ki, bu, onların könüllərindən keçir. Rəqslərimizə, tarımıza, torpaqlarımıza iddia elədikləri kimi, muğamımıza da iddia edirlər",-deyərək, Larisa kimi bir musiqiçinin belə bir ifadə işlətməsindən təəssüfləndiyini dilə gətirib: "Bakıda doğulasan, ancaq həqiqəti bilməyəsən? Onun fikri böyük səhvdir. Görəndə ki, cəmiyyət üstünə qalxdı, müsahibə verdi ki, mən belə deməmişəm".

Onu da qeyd kedək ki, Larisa etdiyi səhvi düzəltmək üçün sonradan dedi ki, muğam ifa etmək inanılmaz dərəcədə çətindir. "Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyurlar",- fikrini işlədib.

Larisanın bu səhvinə gəldikdə, M.İbrahimov deyib ki, guya o, bir balanslaşma siyasəti yaradıb: "Əslində elə faktlar var ki, onu kiməsə xoş, yaxud da qəlbinə toxunmaq üçün demək olmaz. Bu təsadüfi adam deyil, musiqiçidir. Deyibsə, çox yaxşı, isbat etsin, ortaya fakt qoysun.

O, biz tərəfdən bu təzyiqi gözləmirdi. Özü də etiraf elədi ki, çox böyük təzyiq oldu.

Onun Azərbaycana gəlməməsi ilə biz heç nə itirməyəcəyik, özü itirəcək. Biz xalq olaraq genişürəkliyik, hər kəsə qonaqpərvərliyimizi göstəririk. Ölkəmizə gələnləri yüksək səviyyədə qarşılayırıq. Amma bundan sui-istifadə eləmək olmaz".

O ki qaldı Larisa Dolinanın ölkəmizə gəlməkdən vaz keçməsinə, gözəl ifaçımız deyib ki, yəqin Larisa xanım Azərbaycana gəlməsə bizim yuxumuz qaçacaq: "Onun Bakıya gəlməməsi ilə bağlı Azərbaycan heç nə itirmir. O itirdi. Elə nankor insanlar Azərbaycana dünəndən lazım deyil. Elə insanları çox görmüşük. Ona görə də bizim Larisa xanıma ehtiyacımız yoxdur.

Artıq Azərbaycan çox dəyişib. Bu gün dünyada tanınır, beynəlxalq muğam festivalları da buna sübutdur. Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan muğamı bütün dünyada təbliğ olunur. Bunu YUNESKO da öz sənədində təsdiq elədi ki, muğam Azərbaycana aiddir. Tarı, xalçanı, sazı da qəbul elədi, bu üzdən narahat olmağa dəyməz".

Onu da xatırladaq ki, aprel ayının əvvəlində ermənilərlə təmas xəttində Ermənistanın törətdiyi təxribat nəticəsində vəziyyət gərginləşmişdi. Belə bir zamanda sənət adamlarının səsi cəbhə bölgələrindən eşidildi. Bu isə ölkəmizdə yüksək hərbi-vətənpərvərlik ruhunun yaranmasında müəyyən rol oynadı. M.İbrahimov da bu həmrəyliyi yüksək qiymətləndirir:

"Belə bir vaxtda cəmiyyətlə yanaşı bütün sənət adamları birləşdi. Hamı cəbhə xəttinə öz təşəbbüsü ilə gedir. Getməlidirlər də... İnsanlar bizim kimi sənət adamlarını orada görəndə çox sevinirlər. Bu da onlara ruh yüksəkliyi verir. Mənəvi dəstəyi əsgərlərdən əsirgəmək olmaz. Qoy onlar bilsin ki, xalq onlarla bir yerdədir".

Beləbir gərgin vaxtda Mənsum İbrahimov da böyük ustadımız Arif Babayev və əməkdar artist Təyyar Bayramovla birgə cəbhə bölgəsinə - Ağdama gedib:

"Bu səfər öz təşəbbüsümüzlə baş tutdu. Bir başa ermənilərlə təmas xəttində olub, dağlıq yerlərə baş çəkdik. Görüşlər keçirdik. Bu, bir növ əsgərlərə mənəvi dəstək xarakteri daşıyırdı. Döyüş gedən anlarda istədik ki, həmin insanların yanında olaq. Yerli sakinlərlə görüşlərimiz oldu. İnsanlarda ruh yüksəkliyi gördük. Əhali ordumuza, dövlətimizə çox inanır. Cəmiyyətdə böyük həmrəylik var".

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər