Azərbaycan səfirliyinə hücum edən şəxs cəzalandırılıb
Tarix: 23-06-2023 22:57 | Bölmə: Siyasət
Azərbaycan səfirliyinə hücum edən şəxs cəzalandırılıb

23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.

Məhkəmədə Azərbaycan Səfirliyini "Lexlor" hüquq şirkəti təmsil edib.

"Səfirlik radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir".

Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olub və nəticədə Səfirliyin binasına zərər yetirilib. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilib və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilib.




Bölməyə aid digər xəbərlər