Əhmədinejad Tehranda mitinq keçirmək istəyir
Tarix: 07-10-2018 19:50 | Bölmə: Siyasət
Əhmədinejad Tehranda mitinq keçirmək istəyir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "hökumətə və ABŞ ilə İngiltərəyə etiraz etmək" üçün xalqın da qatılacağı bir mitinq keçirilməsi üçün ölkə rəhbərliyindən rəsmi icazə tələb edib.

Reyting.az bildirir ki, İran mediasında yer alan xəbərlərə görə, Əhmədinejad daxili işlər naziri Abdurrıza Rəhmanı Fazaya bir məktub göndərərək, konstitusiyanın 27-ci maddəsinə əsaslanaraq oktyabrın 21-də paytaxt Tehranda xalqın iştirakı ilə mitinq keçirmək istədiklərini bildirib.

O, "iqtisadi problemlər və hökumətin ölkə rəhbərliyindəki zəiflikləri ilə ABŞ-ın tək tərəfli zalım sanksiyaları və İngiltərənin gizli müdaxilələrinə" reaksiya üçün mitinq icazəsi tələb edib.

Ötən ilin dekabr ayında keçirilən və qısa müddətdə ölkə ərazisinə yayılan etirazların başlanmasında Əhmədinejadın "mühüm rol oynadığı" iddia edilmişdi.

İran İnqilab Mühafizəçiləri komandiri Məhəmməd Əli Cəfəri, sözügedən aksiyaların davam etdiyi yanvarın 3-dəki bir açıqlamasında ölkədəki etirazların başlanmasında "keçmiş bir səlahiyyətli" olaraq adlandırdığı şəxsin barmağının olduğunu irəli sürərək, ad vermədən keçmiş prezidenti Mahmud Əhmədinejadı günahlandırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər