Putin güzəştə getmək istəmir
Tarix: 05-09-2023 12:57 | Bölmə: Siyasət
Putin güzəştə getmək istəmir

Rusiya lideri Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları zamanı Qərbə açıq mesaj verdi ki, Moskva taxıl müqaviləsinə qayıtmaqda güzəştə getmək istəmir və öz şərtlərinin yerinə yetirilməsində israrlı olacaq. Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Təhlükəsizlik və Müdafiə Strategiyalarının Tədqiqi və Tətbiqi Mərkəzinin direktoru Fəxri Erenel bildirib.

Türkiyəli ekspert xatırladıb ki, görüş zamanı Putin Moskvanın altı Afrika dövlətinə pulsuz taxıl tədarükünə başlamağa hazırlaşdığını deyib. Ərdoğan da öz növbəsində əmin edib ki, Ankara bu taxılın daha kasıb ölkələrə daşınması üçün emalına yardım etməyə razılaşıb.

Professor Erenel əlavə edib ki, Putin taxıl müqaviləsinin ləğvinin qlobal ərzaq bazarlarına heç bir təsiri olmadığını, Qərbin Rusiyanı narahat vəziyyətə salmaq üçün vəziyyəti gərginləşdirdiyinə də işarə edib.

“Deyə bilərik ki, Putin Rusiya Federasiyasının sövdələşməyə qayıtması ilə bağlı Qərbə daha sərt formada siqnallar göndərib. Sanksiyaları ləğv etmədən və Moskvanın bir sıra tələblərini yerinə yetirmədən sövdələşmənin bərpa oluna bilməyəcəyi açıq şəkildə ifadə edildi”, - deyə Erenel bildirib.

Türkiyənin iqtidaryönlü “Hürriyet” qəzetinin məlumatına görə, Putin və Ərdoğan Türkiyə liderinin sentyabrın 19-dan 26-dək keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra yenidən görüşə bilərlər.

Daha əvvəl Vladimir Putin qeyd edib ki, taxıl müqaviləsi çərçivəsində ən kasıb ölkələrə taxılın cəmi 3 faizi verilib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər