Politoloq: "Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa..."
Tarix: 11-09-2023 09:50 | Bölmə: Siyasət
Politoloq: "Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa..."

"Rusiyadan gələn yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Buna şübhəm yoxdur, sadəcə, erməni separatçıları yükün keçidini keçikdirməklə vaxt qazanmağa - Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digər yüklərin də bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər:

"Digər tərəfdən, “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək. Separatçılar isə adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar".

E. Şahinoğlunun sözlərinə görə, Ermənistan rəsmiləri rusiyalı həmkarlarını ittiham edirlər ki, “Qarabağı Rusiya Azərbaycana təhvil verib”, Kremldəkilər isə əksinə deyirlər: “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağı Azərbaycana təhvil vermiş olub”.

Politoloq əlavə edib ki, ikisi arasında sərt polemika bu ətrafda gedir: "Kremlin məntiqindən belə bir sual yaranır ki, baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlama verməsəydi, Rusiya Qarabağı “mübahisəli” ərazi kimi qəbul edəcəkdi?"

ELÇİN




Bölməyə aid digər xəbərlər