Nazirlər görüşə hazırlaşır
Tarix: 27-02-2024 16:16 | Bölmə: Siyasət
Nazirlər görüşə hazırlaşır

Ermənistan və Azərbaycan xarici işlər nazirləri fevralın 28-29-da Berlində bir araya gələcək. Görüş yeri və keçirilmə tarixi diqqət çəkir.

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüş zamanı hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılmışdı ki, onlar yenidən görüşsünlər və sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.

Görüşün Almaniyanın paytaxtı Berlin şəhərində olacağı da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, üçtərəfli görüş Almaniyanın Münhen şəhərində baş tutmuşdu. Bu mənada növbəti görüşün də Almaniyada olacağı məntiqlidir.

Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsinin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir.

Görünən odur ki, həm Bakı, həm də İrəvan Münhen görüşündən və Almaniyanın yanaşmasından məmnun qalıb. Almaniya kanslerinin Münhen görüşünə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması Bakının ürəyincədir. Ermənistan üçün isə görüşün Qərb ölkələrindən birində keçirilməsi vacib idi. Bu mənada XİN başçılarının Belində görüşməsi, görünür, həm də hər iki tərəfin ortaq qərarıdır.

Görüşün Almaniyada baş tutması gözlənilsə də, Berlin burada yenə vasitəçi deyil, ev sahibidir. Bu mənada görüşü “ikitərəfli danışıq” da adlandırmaq olar.

Görüşdə XİN başçılarının ilk növbədə Münhen görüşündə əldə edilən “sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqlarının davam etdirilməsi” məsələsini müzakirə etmələri mümkündür. Bundan başqa, XİN başçılarının görüşlərinin ardıcıl xarakter alması, eləcə də sülh prosesi istiqamətində yol xəritəsinin daha optimal hala salınması müzakirə edilə bilər.

Görüşdə ilkin sülh müqaviləsinin imzalanması və bu istiqamətdə qarşıda duran problemlərin həlli də müzakirəyə çıxarıla bilər.

Turan RZAYEV
Politoloq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}