Çinin xüsusi nümayəndəsi Avropa turnesinə Rusiyadan başlayıb
Tarix: 04-03-2024 08:46 | Bölmə: Siyasət
Çinin xüsusi nümayəndəsi Avropa turnesinə Rusiyadan başlayıb

“Danışıqlar Ukraynada döyüşlərə son qoymağın yeganə yolu olacaq”.

Reyting.az
“Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında Moskvada aparılan danışıqlardan sonra Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nəşr qeyd edir ki, bu, çinli diplomatın Avropa turnesinin birinci mərhələsi olub və bu səfər zamanı Li Hui Brüssel, Polşa, Almaniya və Fransaya da gedəcək.

Çin Xarici İşlər Nazirliyi xüsusilə bildirir ki, Çin “sülh danışıqlarını təşviq etmək, Rusiya, Ukrayna və digər əlaqəli tərəflər arasında vasitəçilik etmək və konsensusa nail olmaq üçün səylərini davam etdirməyə və Ukraynadakı böhranın yekun siyasi həllinə töhfə verməyə” hazırdır.

“Li Huinin səfəri onun ötən ilin may ayından bəri ikinci səfəri olub və Kiyev Pekinin İsveçrənin bu yaz təşkil etməyə çalışdığı sülh danışıqlarında iştirakına can atdığı vaxta təsadüf edir. Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral olduğunu iddia edir, lakin Moskva ilə sıx əlaqələr saxlayır”,- deyə nəşr yazır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, tərəflər Ukrayna böhranı mövzusunda çox fəal və hərtərəfli fikir mübadiləsi aparıblar.

Rusiya XİN-nin bəyanatında deyilir ki, Rusiyanın iştirakı olmadan və onun təhlükəsizlik sahəsində maraqları nəzərə alınmadan siyasi və diplomatik nizamlanmanın istənilən müzakirəsi mümkün deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}