Xarkovda daha ağır döyüşlər olacaq - General
Tarix: 17-05-2024 15:05 | Bölmə: Siyasət
Xarkovda daha ağır döyüşlər olacaq

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin şimalında döyüş zonasını 70 kilometrə qədər genişləndirib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib.

General-polkovnik deyib ki, rus qoşunlarının Xarkovda irəliləməsi səbəbindən Ukrayna ehtiyatdan əlavə briqadalardan istifadəyə məcbur olur.

Onun sözlərinə görə, rusların əsas diqqəti Strelexya-Liptsy istiqamətinə, Volçanskın tutulmasına, ardınca Ağ Quyuya çıxışa və Ukrayna qoşunlarına arxadan zərbə vurmağa yönəlib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı əlavə edib ki, bu məqsədlə ruslar 6-cı Ordunun, 11-ci və 44-cü Ordu Korpusunun döyüş hissələrinin daxil olduğu “Şimal” qoşunlarının işğalçı əməliyyat-taktiki qrupunu yaradaraq xeyli gücləndirib:

“Düşmən qoşunlarımızın köçürüldüyünü görəndə planlaşdırdığından xeyli tez hücuma keçdi, lakin müdafiəmizi yarmağa müvəffəq olmayıb”.

A. Sırskinin fikrincə, qarşıda daha ağır döyüşlər gözlənilir və ruslar buna hazırlaşır. O, qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri elektron döyüş avadanlığı və yaxşı hədəflənmiş artilleriya atəşi ilə birlikdə hücum PUA-larının Ukrayna üstünlüyündən maksimum səmərəli istifadə etməlidir.

General-polkovnik bildirib ki, Xarkov vilayətində döyüşən bütün briqadalarda çalışıb, Volçanski müdafiə edən batalyonlardan birində olub, müdafiənin sabitliyini və effektivliyini təmin etmək üçün bütün lazımi qərarları verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər