Ceyhun Bayramov Əli Baqeri Kani ilə telefonda danışıb
Tarix: 21-05-2024 16:59 | Bölmə: Siyasət
Ceyhun Bayramov Əli Baqeri Kani ilə telefonda danışıb

Xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Baqeri Kani arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyimizi qeyd edərək mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə səmimi və peşəkar təmaslar qurulduğunu, baş vermiş görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.

Telefon danışığı zamanı iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və İran prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.

İranının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin, başsağlığı məktubu göndərməsinin, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib, və buna görə dərin minnətdarlığını çatdırıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər