ADR Hərəkatı Hüseyn Məlikin həbsi ilə bağlı bəyanat yayıb
Tarix: 05-12-2018 16:37 | Bölmə: Siyasət
ADR Hərəkatı Hüseyn Məlikin həbsi ilə bağlı bəyanat yayıb

Dekabrın 4-də gecə saatlarında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü, ictimai-siyasi fəal Hüseyn Məlikin yaşadığı evə mülki geyimli şəxslər hücum edib, evin qapısını sındıraraq onu zorla maşına mindirib və naməlum istiqamətə aparıblar.

Reyting.az-a hərəkatdan bildirilib ki, etibarlı mənbədən əldə edilən məlumata görə, dekabrın 5-də günorta saatlarında məhkəmənin qərarı ilə Hüseyn Məlikə 25 sutka həbs cəzası verilib və Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

ADR Hərəkatı baş verən hadisəni Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə əlaqələndirir, bunu hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir.

“Təsadüfi deyil ki, Hüseyn Məlikin şəxsi Facebook səhifəsindəki statusları 2016-cı il mayın 29-na qədər silinib. Bu da məhkəmənin Hüseyn bəyə hansı ittiham irəli sürməsindən asılı olmayaraq, onun ictimai-siyasi fəaliyyətinə yönəlik hərəkətlərinə görə cəzalandırıldığını, insan haqlarının, fikir azadlığı və ifadə edilməsi hüquqlarının pozulduğunu açıq şəkildə sübut edir və məhkəmənin siyasi sifariş yerinə yetirdiyini təsdiqləyir”, – bəyanda vurğulanır.

ADR Hərəkatı son dövrlər siyasi fəallara, açıq fikirli insanlara qarşı hakimiyyətin apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla olmaqla bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər