NATO Ukraynaya əlavə beş müdafiə sistemi verir
Tarix: 10-07-2024 08:43 | Bölmə: Siyasət
NATO Ukraynaya əlavə beş müdafiə sistemi verir

NATO Rusiyanın hücumlarından qorunmaq üçün Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri verməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin, Niderland baş naziri Dik Şufun, Almaniya kansleri Olaf Şoltsun, İtaliya baş naziri Corciya Meloninin, Rumıniya prezidenti Klaus İohannisin və Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ evin saytında dərc olunan birgə bəyanatında deyilir.

“Bu gün biz Ukraynaya əlavə strateji hava hücumundan müdafiə sistemləri, o cümlədən ABŞ, Almaniya və Rumıniya tərəfindən verilmiş “Patriot” batareyaları, Niderlanddan və digər tərəfdaşlar tərəfindən verilmiş “Patriot” komponentləri və İtaliyadan əlavə SAMP-T sistemi təqdim etdiyimizi elan edirik. Bu beş strateji hava hücumundan müdafiə sistemi Ukrayna şəhərlərinin, mülki şəxslərin və əsgərlərin qorunmasına kömək edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, müttəfiqlər bu il Ukraynaya əlavə strateji hava hücumundan müdafiə sistemlərinin tədarükünü elan etməyə çalışırlar. Həmçinin yaxın aylarda ABŞ və tərəfdaşlar Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla onlarla taktiki sistem vermək niyyətindədirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər