Demokratlar avqustun 7-dək prezidentliyə namizədlərini elan edəcəklər
Tarix: 23-07-2024 10:32 | Bölmə: Siyasət
Demokratlar avqustun 7-dək prezidentliyə namizədlərini elan edəcəklər

Demokratlar Partiyası avqustun 7-dək ABŞ prezidentliyinə namizədini seçmək niyyətindədir. Seçki onlayn səsvermə yolu ilə keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” qəzeti Demokratlar Partiyasının Milli Komitəsinin rəhbəri Ceymi Harrisona istinadla yazıb. Bildirilir ki, səsvermənin vaxtı hələ müəyyən edilməyib.

Məlumata görə, göstərilən müddətdə vitse-prezident vəzifəsinə namizəd də irəli sürülə bilər.

Bundan başqa, böyük ehtimalla demokratların namizədi hazırkı vitse-prezident Kamala Harris olacaq.

Nəşr yazır ki, virtual səsvermə yolu ilə prezidentliyə namizədin irəli sürülməsi nümayəndələr avqustun 19-da Çikaqoda toplaşmazdan bir neçə həftə əvvəl baş tutacaq.

Xatırladaq ki, Co Bayden bu yaxınlarda prezidentlik yarışından geri çəkilib. "Politico"nun məlumatına görə, prezident Bayden müvafiq qərarı bir gün əvvəl - iyulun 20-də verib.

Onu da qeyd edək ki, CNN-nin sorğularının orta göstəricisi əsas namizədlər - Donald Tramp və Kamala Harris arasında rəqabətdə aydın liderin olmadığını göstərir. Son altı sorğunun nəticələrinə görə, orta hesabla iştirakçıların 48 faizi Trampı, 47 faizi isə Harrisi dəstəkləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər