Avropa İttifaqı Macarıstana qarşı...
Tarix: 24-07-2024 17:17 | Bölmə: Siyasət
Avropa İttifaqı Macarıstana qarşı...

İyulun 24-də Avropa Komissiyasının dərc etdiyi illik qanunun aliliyi ilə bağlı hesabatında Macarıstandakı vəziyyət qeyri-qənaətbəxş hesab edilib.

Reyting.az
xəbər verir ki, hesabatda Macarıstanın əvvəlki tövsiyələri yerinə yetirmədiyi və bu istiqamtədə az iş görüldüyü bildirilir.

Yeni hesabatda Avropa Komissiyası Macarıstan üçün qanunun aliliyi vəziyyətinin yaxşılaşdırılması üçün ən çox tövsiyə - səkkiz təklif verib.

Onlar məhkəmə sisteminin şəffaflığının və müstəqilliyinin səviyyəsinin artırılması, qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyəti, korrupsiya və qeyri-qanuni lobbiçiliklə mübarizə, habelə dövlətin biznesə müdaxiləsi ilə bağlıdır.

Avropa Komissiyasının hazırkı qiymətləndirməsi göstərir ki, Viktor Orban hökuməti ötən ilki hesabatda verilən tövsiyələrin heç birini tam yerinə yetirməyib. Yalnız məhkəmə-hüquq islahatları sahəsində irəliləyiş qeyd edilib, eyni zamanda prokurorluğa siyasi təsirin qaldığı bildirilib.

Hesabatda ayrıca, Avropa İttifaqının vahid bazarında biznesin fəaliyyəti üçün problemlər yaratmağa davam edən Macarıstanda hökumətin artan müdaxiləsi və hakimiyyət orqanlarının özbaşına qərarları qeyd olunur.

2020-ci ildən dərc olunan hesabatda Avropa Komissiyası üzv dövlətlərin fəaliyyətini və ötən ilki tövsiyələrin icrasını dörd sahədə təhlil edir: məhkəmə sisteminin fəaliyyəti, korrupsiya ilə mübarizə, media plüralizmi, yoxlamalar sistemi və balanslar.

Keçən il Avropa Komissiyası təkcə Macarıstanda deyil, Polşada da qanunun aliliyi ilə bağlı ciddi çatışmazlıqları qeyd edib.

Onu da qeyd edək ki, qanunun aliliyi ilə bağlı problemlər səbəbindən Macarıstan hələ də Avropa İttifaqı fondlarından milyardlarla avro əldə edə bilmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər