Fazil Mustafa: "Bu cür ifadələr daha çox faşist rejimlərində işlədilir"
Tarix: 30-07-2024 17:36 | Bölmə: Siyasət
Fazil Mustafa: "Bu cür ifadələr daha çox faşist rejimlərində işlədilir"

Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Artıq seçkidə iştirak edəcək bir çox namizəd qeydə alınıb. Şair Baba Vəziroğlunun "Məndən olsa, parlamenti ümumiyyətlə ləğv edərdim" fikri isə insanlar arasında birmənalı qarşılanmayıb. Bəziləri bunu gülüş obyektinə çevirib, bəziləri isə hüquqi dövlətin əsasını təşkil edən parlamentin ləğvinin doğru olmadığını bildiriblər.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, şairlərin hüquqa uyğun olmayan belə ifadələr işlətməsi məqbuldur:

"Bu, Baba Vəziroğluna aid söz deyil. Vaxtilə İspaniyanın diktatoru Fransisko Franko da belə bir ifadə işlətmişdi.

Hətta sonradan Hitlerin özü də belə bir ifadə işlətmişdi. Adətən bu cür ifadələr daha çox faşist rejimlərində işlədilən ifadə olur. Çünki Milli Məclis, qanunverici orqan bu cür sistemlərdə çox da populyar olmur. Amma şairlərin hüquqa uyğun olmayan belə ifadələr işlətməsi məqbuldur. Çünki şairlərin təxəyyülü və düşüncələri müzakirə olunmur. Onlar belə bir haqqa sahibdirlər ki, istənilən ifadəni və arzularını bildirə bilərlər".

F.Mustafanın sözlərinə görə, bununla belə, bu, hüquqa aid ifadə deyil: "Bunu bir siyasətçi işlətsəydi, qınanılası, müzakirə olunası və töhmətlənəsi bir məsələ olardı. Bəs qanunları kim qəbul edəcək? Hansı formada ölkənin beynəlxalq təşkilatlarda təmsilçiliyi həyata keçiriləcək? Cəmiyyətlə birbaşa ünsiyyəti olan təmsilçilər kimlər olacaq? Bu baxımdan, şairanə ifadə kimi müzakirəyə çıxarılası deyil. Siyasətçi söyləsə, töhmətlə qarşılanacaq ifadə kimi qəbul oluna bilər".




Bölməyə aid digər xəbərlər