Ələsgər Məmmədlinin səhhəti pisləşir
Tarix: 13-08-2024 16:58 | Bölmə: Siyasət
Ələsgər Məmmədlinin səhhəti pisləşir

Ələsgər Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur. Reyting.az-ın xəbərinə görə, bu barədə “Turan” agentliyinə “Toplum” TV-nin təsisçisinin qardaşı Nəsimi Məmmədli məlumat verib.

"Ələsgərin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb. Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir", - o deyib.

"Asan İmza" elektron imzası və Ələsgərin şəxsiyyət vəsiqəsi istintaq orqanı tərəfindən götürülüb. Bu, vergi hesabatını təqdim etməyə imkan vermir. Ələsgər yeni "Asan İmza" almaq üçün yaxınlarına etibarnamə verməlidir. "Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notarius buraxmırlar", - N. Məmmədli deyib.

Etibarnamə həm də Ə. Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır və ailə maddi çətinlik çəkir.

Həftə ərzində vəkillər Ə. Məmmədlinin ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırmağı planlaşdırırlar.

Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

“Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur. Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb.

İyunun 14-də Xətai Rayon Məhkəməsi onun özəl klinikada tibbi müayinə olunması barədə vəsatəti təmin edib.




Bölməyə aid digər xəbərlər