Fəzail Ağamalı: “2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”
Tarix: 14-01-2019 17:27 | Bölmə: Siyasət
Fəzail Ağamalı: “2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”

“2018-ci ilin aprelin 11-də baş tutan prezident seçkilərindən sonra ən müxtəlif səviyyələrdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilir. Yeni Azərbaycan Partiyasının səlahiyyətli şəxsləri tərəfindən buna ehtiyacın olmadığı da qeyd edilib. 2019-cu ildə isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Getdikcə bu məsələ özünün aktuallığını hələ də saxlayır”.

Reyting.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

F. Ağamalı bir qayda olaraq “ola bilməz” fikrinin tərəfdarı olmadığını bildirib:

“Heç zaman siyasətdə istisnaların olmasını qeyd etməmişəm. Siyasi proseslərdə hər zaman istisnalar olur. Heç kimin gözləmədiyi vəziyyət ortaya çıxa bilir. Məsələn, biz Azərbaycanda prezident seçkilərinin 2018-ci ilin oktyabrında keçirilməsini gözləyirdik. Ancaq ölkə başçısının müvafiq sərəncamı ilə prezident seçkiləri ötən ilin oktyabr ayında deyil, aprelin 11-də baş tutdu. Düşünürəm ki, çox düzgün addım atıldı”.

Deputat bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.

Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə də danışıb:

“Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.(Modern.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər