Ağdərə rayonuna daha 25 ailə köçürülüb - (Yenilənib) - Fotolar
Tarix: 06-03-2025 13:45 | Bölmə: Siyasət
Ağdərə rayonuna daha 25 ailə köçürülüb - (Yenilənib)

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

Reyting.az
xəbər verir ki, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

***

Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a bildiriblər Həsənriz kəndinə 25 ailə, 75 nəfər köç edib. Açarların təqdim edilməsi mərasimində, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb. Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək.

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Onu da qeyd edək, martın 3-də Həsənriz kəndinə ilk köç olub.









Bölməyə aid digər xəbərlər