Rusiya və ABŞ nümayəndələri İstanbulda ikinci dəfə görüşüb
Tarix: 10-04-2025 11:46 | Bölmə: Siyasət
Rusiya və ABŞ nümayəndələri İstanbulda ikinci dəfə görüşüb

ABŞ və Rusiya nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün Türkiyənin İstanbul şəhərində ikinci dəfə görüşüb.

Reyting.az
xəbər verir ki, ABŞ və Rusiya arasında səfirlik fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunacağı görüş çərçivəsində ABŞ nümayəndə heyəti saat 09:45-də Rusiyanın İstanbuldakı Baş Konsulluğuna gəlib.

İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter rəhbərlik edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti İstanbulda keçiriləcək ikinci iclasda yalnız “səfirlik əməliyyatları”nın müzakirə ediləcəyini, Ukraynanın təhlükəsizliyi və ya hər hansı digər siyasi və ya təhlükəsizlik məsələlərinin gündəmdə olmayacağını bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələrək, ikitərəfli əlaqələrin bərpası və Ukraynada müharibənin dayandırılması kimi mövzuları müzakirə ediblər. ABŞ və Rusiya nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda ABŞ Baş Konsulluğunun iqamətgahında ilk görüşünü keçirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər