Bakıda Qoşulmama Hərəkatı Tədqiqat Mərkəzinin açılışı olub
Tarix: 27-05-2025 15:58 | Bölmə: Siyasət
Bakıda Qoşulmama Hərəkatı Tədqiqat Mərkəzinin açılışı olub

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, səfirlər, Azərbaycandakı BMT qurumlarının rəsmiləri və əməkdaşları, tanınmış alimlər və tədqiqatçılar iştirak ediblər.

Tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə fəaliyyət göstərən Tədqiqat Mərkəzinin açılış lentinin kəsilməsi ilə başlayıb. Ardınca QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verib.

Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında QHGT Tədqiqat Mərkəzinin vacib rol oynadığını vurğulayıb. Y. Rəfiyev bildirib ki, QHGT Tədqiqat Mərkəzi gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların qlobal problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcək.

Daha sonra BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib. Ardınca QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Tədqiqat Mərkəzinin Qoşulmama Hərəkatı gənclərinin ideyalarını biliyə çevirdiyi və səslərini qlobal arenaya çatdırdığı bənzərsiz bir platforma olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların tətbiq imkanlarını araşdırır.

Tədbir zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet səhifəsinin təqdimatı keçirilib.




Bölməyə aid digər xəbərlər