Paşinyan kilsə rəhbərini çevrilişə dəstək verməkdə ittiham edir
Tarix: 07-07-2025 12:55 | Bölmə: Siyasət
Paşinyan kilsə rəhbərini çevrilişə dəstək verməkdə ittiham edir

Ermənistan baş naziri Nikol Paşinyan sosial media hesabı üzərindən Erməni Apostol Kilsəsini sərt tənqid edib.

Reyting.az
xəbər verir ki, baş nazirin hədəfi ölkədə “hakimiyyəti ələ keçirmək” və “konstitusiya quruluşunu zorakılıqla devirmək” ittihamları ilə həbs edilən din xadimləri Mixail Ajapahyan və Tavuş arxiyepiskopu Baqrat Qalstanyanı müdafiə edən erməni katalikosu II Qaragen olub.

“Əgər Ktrij Nersisyan (II Qaragen) Qalstanyan və Ajapahyanın həbsini qanunsuz hesab edərsə, o zaman onların çevriliş etmək və ölkədə xaos yaratmaq planlarını və ideologiyalarını bölüşür”,- Paşinyan deyib.

Eçmiədzindəki Erməni Apostol Kilsəsinin qərargahında hüquq-mühafizə orqanlarının fəaliyyətinin qarşısının alına bilməyəcəyini vurğulayan Paşinyan qeyd edib ki, II Qaragen və onun ətrafındakı bəzi şəxslər “mənəvi tənəzzül” içərisindədirlər.

Xatırladaq ki, Erməni Apostol Kilsəsi ilə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət arasında son vaxtlar gərginlik yaşanıb. Kilsə Paşinyanı Azərbaycana güzəştə getməkdə, Paşinyan isə kilsəni “dövlət işlərinə qarışmaqda” və “hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham edir.

Paşinyan həm də iddia edir ki, II Qaragen subaylıq andını pozub və qanunsuz uşaqları olub və buna görə də dini lider ola bilməz.

Hökuməti qanunsuz yollarla devirməyi planlaşdırmaqda ittiham olunan arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla ümumilikdə 15 nəfər həbs edilib.

Paşinyan istefasını tələb edən kilsəyə cavab verib ki, hakimiyyət dəyişikliyi yalnız seçkilərlə mümkün olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər