Trampın iştirakı ilə sülh sazişi imzalanıb
Tarix: 26-10-2025 10:46 | Bölmə: Siyasət
Trampın iştirakı ilə sülh sazişi imzalanıb

ABŞ prezidenti Donald Tramp bazar günü Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Sammiti zamanı Kamboca və Tayland arasında sülh sazişinin imzalanması mərasimində iştirak edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, sənədi Kambocanın baş naziri Hun Manet və Taylandın baş naziri Anutin Çarnvirakul, həmçinin Tramp və Malayziyanın baş naziri Ənvər İbrahim imzalayıblar.

ABŞ prezidentinin sözlərinə görə, Tayland və Kamboca bütün hərbi əməliyyatları dayandıracaq və mehriban qonşuluq münasibətləri quracaqlar.

Bundan əlavə, Tayland 18 kambocalı hərbi əsiri azad edəcək.

Öz növbəsində, Taylandın baş naziri bəyan edib ki, saziş imzalanandan sonra hər iki tərəf “sərhəd rayonlarından ağır silahların tez bir zamanda çıxarılması” da daxil olmaqla, razılaşdırılmış bütün müddəaları həyata keçirməyə başlayacaq.

Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Tayland və Kamboca sərhədində silahlı toqquşmalar baş verib.

İyulun 28-də Malayziyanın baş naziri Ənvər İbrahim Tayland və Kambocanın atəşkəslə razılaşdıqlarını açıqlayıb. Bu addım Kuala-Lumpurda iki ölkə arasında ABŞ və Çin nümayəndələrinin də iştirak etdiyi danışıqlardan sonra atılıb.

Avqustun 7-də Tayland və Kamboca nümayəndələri Malayziyada keçirilən görüşdə iyulun 28-də qüvvəyə minmiş atəşkəs sazişinin gələcək həyata keçirilməsi üçün 13 bənd üzrə razılığa gəliblər.




Bölməyə aid digər xəbərlər