Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”
Tarix: 28-10-2025 12:15 | Bölmə: Siyasət
Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin “Dövlət Şurası” adlı yeni idarəetmə modeli ilə bağlı Rusiyaya ünvanladığı məktub ciddi müzakirə mövzusuna çevrilib.

Məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur.

Bu orqanın tərkibinə dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrinin daxil edilməsi nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, Mehdiyevin məktubu sosial şəbəkələrdə və mətbuatda əks-səda doğurub.

Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib ki, məktubun orijinal olub-olmamasından asılı olmayaraq, təqdim edilən model “demokratiya atributları arxasında gizlənən avtoritar sistem” təəssüratı yaradır.

O vurğulayıb ki, “qanunverici, icraedici və məhkəmə hakimiyyətinə nəzarətin Dövlət Şurasına verilməsi” demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir.

Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılı isə daha sərt açıqlama verib. O, Ramiz Mehdiyevin ideyasının yeni olmadığını, oxşar modelin 2003-cü ildə Etibar Məmmədov tərəfindən təklif edildiyini xatırladıb.

"Bu təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli",- Arif Hacılı bildirib.

Məsələ ilə əlaqədar Etibar Məmmədovun özü ilə də əlaqə saxladıqda, o, Arif Hacılının "cəfəng adam" olduğunu və belə adamlara cavab vermədiyini bildirib, onun iddialarını isə cəfəngiyyat adlandırıb.




Bölməyə aid digər xəbərlər