“Ölkədə böyük qarışıqlıq salıb, çevriliş etmək istəyirlər” - Hafiz Hacıyev
Tarix: 17-06-2016 13:49 | Bölmə: Siyasət


İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü keçiriləcək. Vyana görüşündən fərqli olaraq, Rusiyanın ev sahibliyi edəcəyi görüşdə ATƏT iştirak etməyəcək.

Reyting.az-ın məlumatına görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı pia.az saytına deyib ki, aprel döyüşlərindən sonra İlham Əliyevin nüfuzu qalxıb, amma Sankt-Peterburq görüşü prezidentimizin nüfuzuna mənfi təsir edə bilər:

"Prezidentlərin görüşündən elə də ciddi nəticələr gözləmirəm. Ermənilər həmişə bir bəhanəylə söhbətdən qaçıblar, indi də qaçacaqlar. Ermənilər Qarabağ məsələsində heç kimdir, burada söz sahibi Rusiyadır. Rusiya da çalışır ki, təşəbbüsü öz əlinə alsın”.

H.Hacıyevin fikrincə, Avropa və Qərb dövlətləri heç vaxt razı olmazlar ki, Qarabağ məsələsində Rusiya təşəbbüsü tam olaraq öz əlində saxlasın: "ATƏT-in Minsk qrupundakı həmsədrlər sətraltı da olsa bildirirlər ki, bu, Rusiyanın toplantısıdır. Dağlıq Qarabağ məsələsində Ermənistanın cinayətkar prezidentinin nəyəsə razılaşacağına inanmıram. Çünki Sərksyanın ixtiyarı öz əlində deyil.

Yenə qeyd edim ki, Qarabağ məsələsində əsas söz sahibi Rusiyadır. Rusiyanın da Azərbaycanda maraqları olduğuna görə hələlik Qarabağ probleminin həllinə qol qoymur və bu məsələni uzada-uzada gedir.

Mən prezident İlham Əliyevin yerinə olsam heç Sankt-Peterburq görüşünə getmərəm. Ona görə ki, aprel döyüşlərindən sonra İlham Əliyevin nüfuzu qalxıb, amma Sankt-Peterburq görüşü olandan sonra, əl-ələ verib görüşmək epizodunu yayacaqlar və bu da prezidentimizin nüfuzu ilə oynanılan bir oyun olacaq. Biz ermənilərlə güc dilində danışmalı və öz gücümüzə arxalanmalıyıq”.

Partiya sədri hesab edir ki, Qağlıq Qarabağ münaqişəsi uzana-uzana gedəcək. Çünki nə qədər ki, biz öz daxilimizdə milli həmrəyliyə, milli birliyə nail olmamışıq, korrupsiya faktlarından əl çəkməmişik, ölkənin imicini müsbətə doğru dəyişməmişik Dağlıq Qarabağ məsələsi həll olunmayacaq:

"İlk növbədə məmurlarımızın övladlarının xarici medyada sərgilədiyi milyonluq maşın kolleksiyaları yığışdırılmalıdır. Düşünürəm ki, Azərbaycanda "Beşinci kalon” üzvlərinin də arzudu budur ki, Qarabağ probleminin həlli uzansın”.

H.Hacıyevin fikrincə, ATƏT istəyir ki, Qarabağ problemi bütün dövlətlərin iştirakı ilə həll olunsun: "Hamı çox gözəl bilir ki, Sankt-Peterburq görüşü Putinin özünü gündəmdə saxlamaq məqsədi ilə keçirdiyi bir oyundur. Rusiya istəyir Qərbə meydan oxusun, dünyaya nümayiş etdirsin ki, Qafqazda hələ də söz sahibi mənəm və siz buradan əlinizi çəkin .

Prezident İlham Əliyev Almaniyaya səfər edəndə də, orada dedilər ki, sizin üçün Rusiya bu qədər önəmlidirsə, gedin, özünüzə Rusiyadan himayə axtarın. Neçə illərdir bu problemi yaradan Rusiyadır və o, bu problemin üstündə oynayır. Həm də Rusiya Qarabağ problemi ilə Azərbaycanın başını qatmaq istəyir”.

MMP sədri qeyd edib ki, aprel döyüşlərində Azərbaycan torpaqlarını ala-ala gedirdi. Amma Putinin xahişi, təkidi ilə müharibə dayandırılıb:

"Baş verən bu hadisələri bütün dünya görür. Bütün olanlara görə də, ATƏT Sankt-Peterburq görüşündə iştirak etmir və bu görüşdən də heç bir nəticə gözləmir.Məsələnin mahiyyəti konkret ondan ibarətdir ki, Qərb dövlətlərinin Azərbaycandan umduğu proseslər hələ başlamayıb. Qərbin tələbləri, istəkləri tamam başqadır. Onlar demokratik dövlət, azad seçki, ölkədən korrupsiyanın tamamən ləğv olunmasını gözləyirlər.

Bu günlərdə Avropa dövlətlərinin Bakı nümayəndəliyi ATƏT-in rəhbərliyi altında "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” ilə bağlı müşavirə keçirdi və bu müşavirdə Məzahir Pənahov da iştirak edirdi. Orada da xatırlandı ki, nə qədər ki, Azərbaycanda ölkəni talayan məmurlar var, korrupsiya halı bu cür də davam edəcək.

Bu gün nazir Heydər Əsədov 6 milyona özünə mülk alırsa, bu, korrupsiyadır. Əgər bir nazirin maaşı 1700 manatdırsa, 6 milyonluq villanı nəylə alır? Onların övladları nəşə satmaqla Avropanı da korlayırlar.

Bir neçə gün əvvəl Avropanın Bakı ofisinin nümayəndəsi ilə görüşüm oldu və onlar açıq şəkildə deyirlər ki, ölkəmizdə olan bu hallar dözülməzdir.

Qarabağ məsələsi elə danışıq olaraq qalacaq. Necə ki, 24 ildir danışıq aparırıq və heç nəyə də nail ola bilmirik. Artıq diplomatiya tükənib. Diplomatiyanın da tükəndiyi yerdə gücə əl atılmalıdır. Gücə də əl atmaqdan ötrü ilk növbədə daxilimizdən olan "Beşinci kalon”un üzvlərindən xilas olmalıyıq”.

Hacıyev deyib ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanda milli birlikdən keçir.

"Rəsul Quliyevin interpol axtarışının götürdülməsi, Avropa dövlətlərinin Bakıdakı səfirlərinin Kərimov Əliylə, Cəmil Həsənli ilə görüşü, dünən gələn nümayəndə heyətinin Arif Hacıyevlə görüşü və s. bunların hamısı dövlət başçısına təzyiqin bir formasıdır. Onlar istəyirlər ki, ölkədə böyük qarışıqlıq salsınlar və hakimiyyətdə çevriliş etsinlər. Bütün bu hadisələrin qarşısını almaqdan ötrü mən həyatımı qurban vermişəm”,-deyə H.Hacıyev fikrini tamamlayıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər