Deputat BDU-dakı çatışmazlıqlardan danışıb
Tarix: 02-09-2019 08:48 | Bölmə: Siyasət
Deputat BDU-dakı çatışmazlıqlardan danışıb

"Bakı Dövlət Universiteti bizim üçün doğma məkandır. Oradan məzun olmaq vaxtilə hər birimizin ən böyük arzularından olub. Bizə çox şey qazandırıb, ancaq çox şeyləri də qazandıra bilməyib”.

Reyting.az
xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. F. Mustafanın sözlərinə görə, Bakı Dövlət Universiteti (BDU) məzunlarına yetərincə bilgi, dünyagörüşü qazandıra bilməyb:

“Biz həm Sovet dövründə, həm də indi BDU-nun potensialını lazımi səviyyəyə qaldıra bilməmişik. Bəlkə də Azərbaycanda sayılıb-seçilən ali təhsil ocağı kimi yaddaşlarda qalıb, lakin SSRİ məkanında öz elmi və intellektual potensialı ilə öncül mövqeləri tuta bilməyib.

Burada bilgi ilə rüşvət bütün dövrlərdə paralel addımlayıb, müstəqillik dövründə də təəssüf ki, bu paralellik qorunub saxlanıb.

Burada çox dəyərli müəllimlərlə yanaşı, qohumbazlığa, yerlibazlığa, dostbazlığa görə illərdir onlarla müəllim də kök salıb.

Labaratoriyaları müasir elmin standartlarına cavab verməmiş, məzunların xeyli hissəsi müasir təhsilin səviyyəsinə cavab verəcək hazırlığa yetişməmişlər.

Bununla belə, bu universitetin müsbət ənənələri də müəyyən dərəcədə olmuş, Məmməd Xələfov, Arif Babayev, Mirabbas Qasımov, Yəhya Məmmədov, Abbas Zamanov, Ələsgər Məmmədov, Şirməmməd Hüseynov kimi dəyərli alimlərin ayaq basdığı bir məkan kimi yaddaşımızda qalmışdır. Bir Univeristetin 100 illiyi yubileydən daha çox bir məsuliyyət tarixidir. Bu yüz ildən sonra "biz Bakı Dövlət Universitetini ən cəlbedici elm və təhsil məkanına çevirə biləcəyikmi?" sualına cavab tələb edən bir məsuliyyət anıdır. Bizə ümid etmək qalır. Yubiley tarixi münasibəti ilə Universitet dəyərlərinə layiq bütün müəllimləri, tələbələri, laborantları və digər əməkdaşları təbrik edirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}