Jurnalist həbsxanada aclıq aksiyasına başlayıb
Tarix: 23-09-2019 20:37 | Bölmə: Siyasət
Jurnalist həbsxanada aclıq aksiyasına  başlayıb

Penitensiar Xidmət jurnalist Əfqan Muxtarlının Cəzaçəkmə Müəssisəsində aclıq aksiya keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Əfqan Muxtarlı dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə aclıq aksiyasına başlaması ilə əlaqədar rəsmi məlumat verib: “O, bu gündən aclığa başlayıb. Əfqan Muxtarlı digər məhkumlardan təcrid edilib. Hal-hazırda səhhətində problem yoxdur. Həkim nəzarətindədir”.

Qeyd edək ki, Ə.Muxtarlı onunla görüşə gələn vəkil Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək, aclığa başladığını bəyan edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hadisəyə münasibət bildirib.

O, “facebook” səhifəsində Penitensiar Xidmətin rəhbərliyi ilə məsələni müzakirə etdiyini yazıb: “Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər. Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir”.

Xatırladaq ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər