Deputat: “Problemlərin Baş Assambleyada qaldırılması onların həllinə səbəb olmayacaq”
Tarix: 27-09-2019 14:48 | Bölmə: Siyasət
Deputat: “Problemlərin Baş Assambleyada qaldırılması onların həllinə səbəb olmayacaq”

“BMT Baş Assambleyasında dünyanın bir sıra problemləri müzakirə edilir. Amma problemlərin müzakirəsi bir, onun həlli isə ayrı bir mövzudur. Mən düşünmürəm ki, BMT Baş Assambleyasının 74-cü sessiyası dilə gətirilən problemlərin həllində ciddi rol oynasın”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyov Nyu-Yorka keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyasının nəticələrini şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Baş Assambleya əslində müzakirə mərkəzidir: “Hüquqi və siyasi çəkisi olan qərarları BMT Təhlükəsizlik Şurası qəbul edir. Baş Assambleyanın qərarlarının icrası məcburi deyil. Yəni verilən qərarların icra mexanizmi yoxdur. Bu baxımdan Azərbaycanla bağlı iki qətnamə var. Hansı ki, bu qətnamələrdə bilavasitə erməni qoşunlarının Azərbaycanın işğal edilən ərazilərindən çıxarılmasına dair çağırışlar yer alıb. Bu vaxta qədər ermənilər qoşunlarını geri çəkiblərmi? Yox. Heç Təhlükəsizlik Şurasının bütün qərarları da icra olmur. Qərarların icrası üçün təzyiq mexanizmlərinin nəzərdə tutulması vacibdir. Tutulmadığı təqdirdə bu qərarlar çağırış xarakteri daşıyır”.

Millət vəkili hesab edir ki, BMT Baş Assambleyasının qərarlarının hüquqi çəkisi və məcburiyyəti olmasa da, onun siyasi çəkisi var: “O mənadakı belə qərarlar dünyanın mövqeyini əks etdirir. Siyasi baxımdan belə qərarlar vacibdir. Məsələn, Ukrayna ilə bağlı Rusiyanın özünə dəstək toplaya bilməməsi onu göstərir ki, ruslara dünyada dəstək verən dövlətlərin sayı olduqca azdır. Və Rusiyanın Ukrayna siyasəti dünya tərəfindən dəstəklənmir. Yəni Baş Assambleyanın qərarları məcburi xarakter daşımasa da, siyasi əhəmiyyətə malikdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər