Araz Əlizadə: “Suriya, Rusiya və Türkiyə ilə danışıqlara getmirdilər...amma indi”
Tarix: 12-10-2019 15:42 | Bölmə: Siyasət
Araz Əlizadə: “Suriya, Rusiya və Türkiyə ilə danışıqlara getmirdilər...amma indi”

“Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriya ərazilərində əməliyyat keçirir və bu, beynəlxalq hüquqa zidd deyil. ABŞ faktiki olaraq Fərat çayının şərq sahillərində olan kürdlərə silah-sursat verdi, onlara dövlət yaradacağı ilə aldatdı”.

Bu fikirləri Reyting.az-a Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlardan danışan ASDP sədri, deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə atdığı addım bir məsələnin vacibliyini ortaya çıxarıb: “Əgər öz təhlükəsizliyini özün təmin etməyəcəksənsə, bunun üçün vuruşmağa hazır olmayacaqsansa, heç kəs gəlib sənə kömək etməyəcək. Yəni torpaqlarını, sərhədlərini özün qorumalısan”.

Araz Əlizadə əlavə edib ki, türk ordusunun Suriyada əməliyyatlar aparması heç bir halda işğal kimi təqdim edilməməlidir: “Bu işğal faktı deyil. Əksinə, bu, özünüqoruma aktıdır. Suriyanın özünü İŞİD demək olar ki, işğal etmişdi. Sonda anda Suriya rəhbərliyi Rusiyaya müraciət etdi və bundan sonra rus ordusu Suriyaya gəldi. Həmin vaxt Bəşər Əsəd faktiki ölkəyə nəzarəti itirmişdi, ərazisində suverenliyi şübhə altına düşmüşdü. Rusların köməyi ilə bu nəzrəti bərpa etdi, İŞİD-ə sarsıdıcı zərbələr vuruldu.

Amma kürdlər ABŞ-la danışıqlara getdilər, onlardan dəstək aldılar. Üstəlik, “Böyük Kürdüstan” xülyası ilə yaşamağa başladılar.

Türkiyə isə son anda özünün maraqlarını və təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa başladı. Əslində hamıya aydındır ki, orada kürdlərin sayı çoxdur və onlar vuruşurlar. ABŞ onların qabağına “kökə” atdı və onlar da başladılar başqa xətt tutmağa. Məsələn, Suriya hökuməti ilə danışıqlara getmədilər, Rusiya ilə müzakirələr aparmadılar, hətta Türkiyə ilə əlaqəyə girməkdən imtina etdilər. İndi də Türkiyə bu ərazilərə daxil olub. Hesab edirəm ki, Türkiyə sərhəddin bu hissələrində qayda-qanun yaradacaq və bir daha orada belə hallar baş verməyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər