Polis Ümid Partiyası nümayəndəsinin saxlanılmasına aydınlıq gətirmir
Tarix: 31-01-2020 22:48 | Bölmə: Siyasət
Polis Ümid Partiyası nümayəndəsinin saxlanılmasına aydınlıq gətirmir

Bu gün günorta saatlarında Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Xurmanaz Eyvazova Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. ATƏT-in nümayəndələri dərhal polis idarəsinə gediblər.

Partiyanın sədr müavini Elman Abbasovun sözlərinə görə, polis idarəsi qanunsuz əməlini öncə gizlətsə də, sonradan etiraf etməyə məcbur olub: "Öncə bizə dedilər ki, biz heç kimi saxlamamışıq. ATƏT nümayəndələri, media işçiləri gələndən və bizim “Qaynar xətt”ə zəngimizdən sonra nümayəndəmizin orada olduğunu bildirdilər. Hətta onunla görüşümüzə icazə verməyərək niyə saxladıqlarını da izah etmədilər”.

Sədr müavini “Biz düşünürük ki, polisin bu addımı İqbal Ağazadənin seçki prosesini pozmaq məqsədi daşıyır. Ancaq onlar sevinməsin, bizi belə çirkin addımlarla yolumuzdan döndərə bilməzlər, əksinə, bu addımlar bizi daha da iradəli, daha da güclü və daha da mübariz edir",- deyib.

Qeyd edək ki, Ümid Partiyasının səlahiyyətli nümayəndəsi az öncə sərbəst buraxılıb və hazırda öz evindədir. Saxlanılmasının səbəbi barədə polis idarəsi tərəfindən heç bir məlumat verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər