İsa Qəmbər: “Cümhuriyyət qurucularının xatirəsi əbədiləşdirilməlidir” - Foto
Tarix: 01-02-2020 00:05 | Bölmə: Siyasət
İsa Qəmbər: “Cümhuriyyət qurucularının xatirəsi əbədiləşdirilməlidir”

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20-ci illər) və Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin 136 illiyi münasibətilə onun Novxanı qəsəbəsindəki abidəsi ziyarət edilib, abidə önündə anım tədbiri keçirilib.

Reyting.az
xəbər verir ki, Müsavat Partiyasının təşkil etdiyi tədbirdə Rəsulzadənin və digər cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirlməsinin vacibliyi bildirilib.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər deyib ki, Müsavat Partiyası son illər hakimiyyətdən dəfələrlə Xalq Cümhuriyyəti liderlərinin xatirəsinin əbədiləşdirilməsini tələb edib: “Biz zaman-zaman ziyalılarımıza müraciət etmişik. Onlara təklif vermişik ki, bu müqəddəs dəyərləri qorumaq, onları populyarlaşdırmaq üçün təkcə elmi araşdırmalar deyil, həm də ictimai addımlarla çıxış etsinlər”.

İsa Qəmbərin sözlərinə görə, son vaxtlar ölkə ziyalıları bir araya gələrək Məhəmməd Əmin Rəsulzadənın Ev muzeyinin bərpası ideyasını aktuallaşdırıblar, bu istiqamətdə addımlar atıblar: “Bu, müsbət haldır və biz bu addımı bəyənirik. Baxmayaraq ki, bu işi görən insanlar bu ideyanın əsas daşıyıcısı Müsavat Partiyası rəhbərliyi ilə məsləhətləşmədən, müsavatçıları bu işə cəlb etmədən özləri bu addımı atıblar”.

Müsavatın sabiq başqanı qeyd edib ki, Ev muzeyinin yaradılması minimum bir işdir: “Rəsulzadənin abidəsini Bakının ən yüksək nöqtəsində ucaltmaq lazımdır. Bakı Dövlət Universitetinə Rəsulzadənin adı qaytarılmalıdır. Rəsulzadənin və digər cümhuriyyət qurucularının xatirələri əbədiləşdirilməlidir”.

İsa Qəmbər: “Cümhuriyyət qurucularının xatirəsi əbədiləşdirilməlidir”




Bölməyə aid digər xəbərlər