Rufiz Qonaqov: “Prezidentin fərmanı vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün ciddi addımdır” - Müsahibə
Tarix: 24-10-2016 12:20 | Bölmə: Siyasət

 Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin.

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov dövlət başçısının imzaladığı məlum fərmandan danışarkən deyib ki, bu fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır:

- QHT-lərin inkişafı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir.

Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bununla belə iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı.

Buütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır.

– Necə düşünürsünüz, bəzi QHT-lər yaradılan bu imkandan sui-istifadəyə yol verməyəcəklər ki?

– Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək. Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Burada narahatlığa ciddi əsas görmürəm.

- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına hansısa əngəllər yaradıldığını iddia edirlər. Sizcə, Prezidentin imzaladığı Fərman bu kimi iddialara son qoyacaqmı?

- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümükün deyil. İstər QHT-lərin maliyyələşməsində, onlarla əməkdaşlığın qurulmasında, proqramların effektiv icra edilməsində dövlətin dəstəyi danılmazdır. Hazırda QHT-lərin qeydiyyatı ilə bağlı da problemlər tam aradan qaldırılmaqdadır. Bəzi xarici dairələrin Azərbaycanda QHT-lərin fəaliyyətinə dair tənqidi hesabatlarının əsl mahiyyəti bizə bəllidir. Bu tənqidlər daha çox siyasi xarakter daşıyır və həmin dairələrin Azərbaycanın gücünü, inkişafına olan münasibətlərindən irəli gəlir. Biz bu cür qərəzli yanaşmalara o qədər də əhəmiyyət verməməliyik.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər