Hakim komandada Azərbaycan üçün təhlükəli şəxslər var - Deputat
Tarix: 26-06-2017 16:18 | Bölmə: Siyasət

Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycan üçün yarada biləcəyi problemlərlə bağlı sensasiyalı çıxış edib.

Reyting.az-ın xəbərinə görə, partiya sədrinin strateq.az saytına verdiyi müsahibədə rəsmi Moskvadan ciddi təhlükə olduğu və hakimiyyət daxilində bir çox məmurların dövlətə xəyanət edə biləcəyi vurğulanır.

Q.Həsənquliyev deyib ki, Rusiyadan qaynaqlanan təhlükə ciddidir və gedikcə artır: "Bu təhlükəni artıran əsas səbəblərdən biri budur ki, bütövlükdə Azərbaycanın siyasi elitasının əksər hissəsində hakimiyyətin mənbəyinin xalq deyil, xaric güclər olduğu fikri dərin kök salıb. Təəssüf ki, bu cür düşünənlər həm müxalifətdədir, həm də iqtidarda. Məsələn, xatırlayırsınızsa, hələ 1992-ci ildə AXC hakimiyyətə gələndə Arif Hacıyevin məşhur və bədnam bir bəyanatı olmuşdu. Demişdi ki, AXC-nin hakimiyyətə gəlişi 9 dövlətlə razılaşdırılıb. Onun ardınca da Pənah Hüseynovun AzTv-də canlı yayım zamanı rüsvayçı bir çıxışı səslənmişdi. O da vurğulamışdı ki, hətta xalqın 95 faizi bizim əleyhimizə olsa belə, biz hakimiyyətdə qalacağıq. Ardınca da 1993-cü ildə xarici dövlətlərin dəstəklədiyi Gəncə qiyamının baş verməsi göstərdi ki, xarici qüvvələr hakimiyyət dəyişikliyi prosesində necə fəal iştirak edirlər. Elə o vaxtdan da siyasi elitanın indi müxalifəti təşkil edən böyük bir hissəsində o fikir tam hakim olub ki, Azərbaycanda hakimiyyətin taleyini məhz xarici güclər, qonşu dövlətlər həll edir. Ona görə də hakimiyyətə gəlmək üçün xarici dəstək axtarışına çıxırlar və şübhəsiz ki, qarşıdakı seçkidə də belə olacaq… Müxalif düşərgədə bu düşüncənin dəyişməsi üçün zaman keçməli, nəsil dəyişikliyi baş verməlidir.

Təəssüf ki, eyni halı mən iqtidar düşərgəsində də müşhidə edirəm. Məsələn, bəzi məmurlarda o düşüncə hakimdir ki, ölkədə sabitliyin əsasında böyük güclərin razılaşması durur və o razılaşma olmazsa, istənilən vaxt sabitlik pozular. Üstəlik, bəzilərində hətta o fikir hakimdir ki, sən hakimiyyətə, dövlətə nə qədər sadaqətli olursan-ol, əgər hansısa xarici güc istəsə, çox asanlıqla sənin vəzifədən götürülmənə nail ola bilər… Və indi belələri, prezidentdən daha çox, həmin xarici dövlətlərdən qorxur, onların kursuna uyğun davranış üsulu seçirlər.

Yeri gəlmişkən, mən bunu özümə münasibətdə açıqca hiss etmişəm. Parlamentdə, mətbuatdakı çıxışlarımda Rusiyanın, İranın əleyhinə kəskin fikirlər işlədəndən sonra bəzi adamların məndən necə qaçdıqlarını, təmasdan yayındıqlarını, əməlli-başlı ehtiyatlandıqlarını və hətta məni istəyənlərin bəzilərinin təlaşla həyatıma, karyerama təhlükə yaradıla biləcəyi barədə xəbərdarlıqlarını da gördüm. Yəni bu vəzifə sahibləri qorxurlar ki, Rusiyanın, İranın əleyhinə kəskin bəyanat verən biriylə salamlaşar, görüşərsə, bu, o dövlətlərin xoşuna gəlməyə bilər. Belələri bizim prezidentdən daha çox həmin ölkələrin dövlət başçılarından qorxurlar. Bu dediklərim təkcə Rusiyaya, İrana aid deyil. Biz 15 iyulda Türkiyədə baş verən hadisələrdən sonra gördük ki, Azərbaycan siyasətində elə adamlar var, prezidenti asanlıqla tənqid edir, ancaq Ərdoğanın adını belə çəkməyə qorxurlar…

Demək istədiyim odur ki, nə qədər ölkənin siyasi elitasında "Azərbaycanda hakimiyyətin taleyini xarici dövlətlət həll edir”,- düşüncəsi hakim kəsilir, ölkədə təhlükə həmişə olacaq…”

Q.Həsənquliyev hesab edir ki, əsas təhlükə hakimiyyət komandasının içərisindən yarana bilər: "O faktları niyə nəzərdən qaçırırsınız ki, indiyə qədər Azərbaycanda ciddi rezonans doğuran, hakimiyyət üçün gərginlik yaratmış bütün hadisələrin mərkəzində məhz iqtidarın özünə bağlı kadrlar dururb: 1994-cü ildə Sürət Hüseynovun qiyam cəhdi, 1995-ci ildə Rövşən Cavadov olayı, 1998-ci il prezident seçkilərində iqtidarın özünün bəslədiyi adamların əlaltdan etdiyi xəyanət, 2003-cü ildə bir çox məmurların əks düşərgəyə meyllənmək cəhdləri, 2005-ci ildə bir neçə nazirin çevrilişə dəstək ittihamıyla həbsi, nəhayət, 2015-ci ildə MTN-lə bağlı baş verən hadisələr… Sadaladığım olaylar zamanı baş verənlər onu göstərir ki, ölkədə sabitliyə, siyasi hakimiyyətə təhlükə yaradan qüvvələr daha çox hakimiyyətin içindən çıxanlardır”.

Belə hadisələrin baş verməməsi üşün önləyici addımların atılmasını zəruri hesab edən millət vəkili, ilk növbədə məmur korpusunun ciddi nəzarətə götürülməsini vacibliyini vurğulayıb:

"İlk növbədə, məmur korpusu ciddi nəzarətə götürülməli və qısa müddətə hakimiyyət komandasında təmizlənmə aparılmalıdır. Artıq bir sıra məmurlar hakimiyyətdən, dövlət başçısından daha çox müxtəlif xarici dairələrə bağlıdır. Belə adamlar vətənpərvər, hər hansı xarici bağlantıları, asılılıqları olmayan, sırf prezidentin özünə bağlı, dövlətə sədaqətli gənclərlə əvəzlənməlidir. Bu siyasətin aparılmasına, məncə, indi çox ciddi ehtiyac yaranıb və gecikmək də olmaz. Çünki getdikcə cəmiyyətdə o fikir kök atır ki, Azərbaycanda söz sahibi ayrı-ayrı regional dövlətlər, xüsusən də Rusiyadır. İlk növbədə dövlət aparatında, strateji qurumlarda əyləşib Rusiyanın tapşırıqlarını icra edənlər, onların maraqları üçün çalışanlar zərərsizləşdirilməli, təsirsiz hala gətirilməlidirlər”.

Q.Həsənquliyev əlavə edib ki, baş verə biləcək hər hansı təhlükənin qarşısını almaqdan ötrü ölkə rəhbərliyi fundamentla dəyişikliklərə geməlidir:

"Hesab edirəm ki, güclü, qüdrətli Azərbaycanın qurulmasında fundamental dəyişikliklər baş verməlidir və o mərhələ çatıb artıq. İndi Azərbaycan bir mərhələdən yeni bir mərhələyə qədəm qoymalıdır. Bunun üçün də, ilk növbədə, ölkədə siyasi sabitlik qorunub saxlanmalı və bu sabitliyə təhülkə yaradan istənilən şəxs və cəhdlər neytrallaşdırılmalıdır. Çünki sabitlik pozulsa, ondan sonra heç nə etmək mümkün olmayacaq, itirənsə dövlətimiz, vətəndaşlarımız olacaq”.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər