Sərdar Cəlaloğlu Araz Əlizadə haqqında: “dövlətçiliyin əleyhinədir”
Tarix: 30-03-2016 17:08 | Bölmə: Siyasət


"Nə musiqisi himninimzə yaraşır, nə də sözləri”.

Bu sözləri unikal.org-a Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə Azərbaycanın himnindən danışarkən deyib.

A.Əlizadə qeyd edib ki, dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb: ”Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni, majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə modern.az saytına açıqlamasında Araz Əlizadəyə etiraz edib. Deyib ki, Azərbaycan himninin sözləri kifayət qədər qiymətli, güclü ideya və fikirlərlə zəngindir.

"Himnimizin musiqisində və sözlərində adamı ağlamağa vadar edən heç bir şey yoxdur. Himnin musiqisi də kifayət qədər təmtəraqlıdır. Kim özü himnə necə yanaşırsa, bu cür də anlayır. Şəxsən mən Azərbaycan himnini ağlamalı bir əsər kimi yox, vətənpərvərlik, mərdlik nümayiş etdirən bir əsər kimi qiymətləndirirəm”.

S.Cəlaloğlunun fikrincə, A.Əlizadənin himnə qarşı çıxması dövlətçiliyin əleyhinədir.

"Dövlət himninin bu cür müzakirəyə çıxarılması və təhqir olunması yolverilməzdir. Bu, dövlətçiliyə ziddir. Azərbaycanın himni, gerbi, bayrağı varsa, bu cür müzakirəyə çıxarması, təhqir etməsi, şübhə altına alması yolverilməzdir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}