Rövşən Qəmbər: “Qardaşım istəsə, onu Almaniyada müalicə etdirə bilərik”
Tarix: 17-01-2018 13:53 | Bölmə: Siyasət
Rövşən Qəmbər: “Qardaşım istəsə, onu Almaniyada müalicə etdirə bilərik”

“Qardaşım nə zaman istəsə, onun Almaniyadakı ən yaxşı klinikalarda müalicəsinə nail ola bilərik”.

Reyting.az xəbər verir ki, bunu hazırda Mərkəzi Klinik Xəstəxanada ürəyindən cərrahi əməliyyata məruz qalan Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər bildirib.

Rövşən Qəmbər qeyd edib ki, İsa bəy özü bilən məsləhətdir, necə istəsə, onun istəyinə uyğun hərəkət edəcəklər.

“Azərbaycan və Almaniya vətəndaşı kimi mənə xoşdur ki, qardaşımın tam sağalması üçün yalnız müsavatçılar deyil, xalqımızın və dövlətimizin təmsilçiləri də yardım etmək istəyirlər. Qardaşımın tam sağalması üçün dəyərli təkliflər verən hər iki ölkənin vətəndaşlarına təşəkkür edirəm. Arzu edirəm ki, hər bir vətəndaşımıza yardım etmək imkanımız yetərincə təşkil olunsun”,- deyə R.Qəmbər bildirib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”,-demişdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər