Rusiya-Ukrayna savaşı: ziddiyyətli məlumatlar yayılıb
Tarix: 24-04-2023 15:47 | Bölmə: Siyasət
Rusiya-Ukrayna savaşı: ziddiyyətli məlumatlar yayılıb

Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək cəhdlərini davam etdirir.

Reyting.az
xəbər verir ki, Ukrayna ordusu işğal başlayandan bəri ilk dəfə Dnepr çayını keçərək Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində əks-hücumlara başlamaq üçün mövqe tutublar.

Ukraynanın çayın şərq sahilinə doğru irəliləməsi ilə bağlı iddialar Rusiyanın Xerson vilayətində qoşunların qismən çıxarılması xəbərindən bir neçə gün sonra yayılıb.

ABŞ-ın Müharibə Araşırmaları İnstitutunun analitikləri bildirirlər ki, rusiyalı hərbi bloqçuların şəkilləri çayın cənubunda “Ukrayna mövqelərinin ilk etibarlı geolokasiya görüntüsünü” təqdim edir. Qeyd olunur ki, Ukraynanın bu mövqelərinin əhatə dairəsi və məqsədi, Ukraynanın bu sahədə daimi mövqelərini saxlamaq qabiliyyəti və istəyi müəmmalı olaraq qalır.

Britaniyanın “Daily Mail” qəzeti yazır ki, Ukrayna qüvvələri çayı keçsə, bu, Putin üçün böyük rüsvayçılıq olacaq.

Bildirilir ki, Xerson uğrunda döyüşlər Moskvanın 9 il əvvəl ilhaq etdiyi Krımı nəzarətdə saxlaması üçün əhəmiyyətli rola malikdir.

Onu da qeyd edək ki, Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Vladimir Saldo Ukrayna qüvvələrinin Dnepr çayının şərq sahilində yerləşməsi ilə bağlı xəbərləri təkzib edib. V. Saldo deyib ki, Dnepr çayının sol (şərq) sahilində düşmən bazası yoxdur və Rusiya ordusu həmin əraziyə tam nəzarət edir.

Onun sözlərinə görə, yayılmış məlumatlar Ukraynanın təxribat qruplarının rusiyalı döyüşçülər tərəfindən məhv edilməzdən və ya suya atılmazdan əvvəl selfi çəkmək üçün yerə enmələri halları əsasında ola bilər.

Ukraynanın cənub komandanlığının sözçüsü Natalia Humenyuk isə deyib ki, Xerson və Berislav şəhərləri ətrafındakı ərazilərdə “çox güclü bombardmanlar” var. Amma o, Ukrayna əsgərlərinin Dnepr çayını keçməsi ilə bağlı məlumatları nə təsdiq, nə də təkzib edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}